16 dekabr 2010 13:57
Ukrayna çempionu da “Birlik Kuboku”ndan imtina etdi
Ukraynanın `Şaxtyor` klubunun baş direktoru Sergey Palkin gələn ilin yanvar ayında keçiriləcək “Birlik Kuboku”nda iştirak etməyəcəklərini bildirib. Azerisport.az xəbər verir ki, Donetsk təmsilçisinin bunun səbəblərini izah edərkən, bunları söyləyib:
“Bəri başdan qeyd edim ki, bu, heç də klubumuz tərəfindən atılan bir demarş deyil. Hətta turnir əvvəlki mötəbər statusunu itirməsinə, örtülü meydançada məşqə bənzər yarışa çevrilməsinə baxmayaraq, biz ora `Şatxyor-3`ü göndərməyi planlaşdırırdıq. Sadəcə `Şaxtyor-2`nin futbolçularının əksəriyyəti Ukraynanın digər klublarına baxışa getdiyindən biz bu komandaya üçüncü heyətimizin oyunçularını cəlb etdik. İndi `Şaxtyor-3`ün məşqçilərinin ixtiyarında cəmi 8 futbolçu qalıb, ona görə də biz bu yarışa qatılmaq istəmədik”.
Qeyd edək ki, Donetsk klubunun imtinasından sonra Kiyev `Dinamo`su Sankt-Peterburqa getməyə razı olub. Azərbaycanı isə bu turnirdə son ölkə çempionu `İnter` təmsil edəcək.
