16 dekabr 2010 14:09
Nazim Süleymanov: Əsas məqsədimiz Avropa Liqasına düşməkdir
AZAL-ın baş məşqçisi Nazim Süleymanov Premyer Liqanın növbəti turunun `Qəbələ` ilə oyunu ərəfəsində azerisport.az və “Zerkalo”nun suallarını cavablayıb.
- Çempionatın ilk hissəsinin başa çatmasına dörd tur qalıb. Siz artıq özünüzü “altılıq”da görürsünüz?
- İkinci hissəyə qədər beş oyunumuz qalıb. Bu 15 xal edir. Gəlin tələsməyək. Axı çətinliklər, oyunçuların zədələri ola bilər.
- Sakit olmaq üçün sizə nə qədər xal yığmaq lazımdır?
- Biz rahat nəfəs almaq istəmirik. Hər oyunda maksimum xal yığmaq lazımdır ki, ilk altılığa düşmək ümidləri gələn ilə qalmasın.
- Elvin Əliyev saytımıza müsahibəsində bildirib ki, AZAL çempionluğa oynayır...
- Necə deyərlər, iştaha yemək vaxtı gəlir. Oyunçu belə deyə bilər, amma hər şeyi meydanda sübut etmək lazımdır. Əsas məqsədimiz “altılıq”da yerimizi təmin etmək və sonra isə Avropa Liqasına düşməkdir. Hər şey yaxşıya doğru getsə, niyə də çempionluğa əl atmayaq? Amma təkrar edirəm, ilk məqsəd - Avropa Liqasına düşməkdir.
- `Qəbələ` ilə oyun izləyicilərdən uzaqlaşmaq üçün yaxşı şansdır?
- Bizi 11 oyun məğlub olmayan yaxşı komanda gözləyir. Düşünmək, götür-qoy etmək üçün səbəb var. İnşallah bazar gününə qədər zədələrsiz ötüşək. Müsbət nəticəyə nail olmağa çalışacağıq. Rəqib süni qazona öyrəşsə də, axı öz meydanımızda oynayırıq.
- Yaxşı nəticəyə nail olmaq üçün `Qəbələ`nin müdafiəsinə açar tapmaq lazımdır...
- Əgər sizdə bu açar varsa, zəhmət olmasa, onu bizə verin (gülür). Əlbəttə, qələbə qazanmaq üçün qol vurmaq lazımdır.
- Sizin komanda ilə `Qəbələ`nin oyun üslubu arasında ümumilik var?
- Bütün komandalar arasında nə isə bir ümumilik var. Ancaq hər oyunda öz simanı, imicini göstərmək lazımdır. Futbolçu özünün və komandasının imicini saxlamalıdır. Oyunçular gözəl başa düşürlər ki, bizə bu mərhələdə xal itirmək olmaz. Yoxsa, bizim problemlərimiz baş qaldıra bilər və mövqeyimizi itirmək mümkünlüyü yaranar.
- İlk altılıqdan kənarda `Bakı`, `Qarabağ` və hətta `İnter` də qala bilər. Bu komandalardan hansının avrokuboklarda iştirak etməməyi sizi daha çox təəccübləndirər?
- Mən ən çox öz komandam, onun artımı, həmçinin turnir cədvəlində öz yerini möhkəmləndirməsi haqda düşünürəm.
- Qarşıda qış fasiləsidir. AZAL-ı hansı mövqelərdə gücləndirmək lazım olduğunu düşünmüşsünüz?
- Düzünü deyim, bu haqda biz daxildə danışmışıq. Ancaq bunu elan etmək hələ tezdir və düzgün deyil. Aydın məsələdir ki, hamı güclənmək istəyir. Transferlərdə düzgün seçim etmək lazımdır.
- Çoxları klubda sizin işinizi tərifləyir. Bu sizə zövq vermir?
- Biz hələ heç nə etməmişik. Əvvəldən axıra kimi özünü göstərmək lazımdır. Üstəlik, bugünkü uğurlar və xidmətlər tək mənim deyil. Bu, bütün komandanın işidir.
- Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts milli üçün yeni gənc oyunçular axtarır. Komandanızda almana məsləhət görə biləcəyiniz futbolçu var?
- Gənclərdən Hüseyn Axundovu qeyd edərdim. Ancaq o, gərək öz üzərində işləsin. Əgər o, bunu etmirsə, onu düzgün yola yönəltmək lazımdır. Gənclər anlamalı və ölkənin birinci komandasına düşməyə cəhd etməlidirlər. Bu, sadəcə komanda deyil, millətin, ölkəmizin simasıdır.
