17 dekabr 2010 13:14
Sara Madrid `Real`ını qarışdırdı
Madrid `Real`ının ulduz futbolçusu Kristiano Ronaldo haqqında heç də xoş olmayan açıqlamalar verən qapıçı İker Kasilyasın nişanlısı, eyni zamanda idman jurnalisti olan Sara Karbonero böyük qalmaqala səbəb olub. Azerisport.az xəbər verir ki, məhz bu üzdən Kasillys ilə Ronaldo arasındakı münasibətlər bir qədər də korlanıb.
Bir müddət öncə Kasilyasın `Marca` nəşrinə açıqlamasında dünyanın ən yaxşı futbolçusu kimi əzəli rəqib `Barcelona`nın argentinalı ulduzu Lionel Messinin adını çəkməsi bütün dünyanın diqqətini çəkmişdi. Bu azmış kimi, telejurnalist olan Karbonero nişanlısından fərqli, portuqaliyalı futbolçu haqda daha sərt və açıq ittihamlar irəli sürüb: “Ronaldo tam bir eqoistdi. Amma `Real` onu hər şeyə rəğmən transfer etdi. Elə bu zülm altında da əzilir”.
Bunu eşidən Ronaldo da kapitan Kasilyasa “nişanlının haqqımda belə danışmasına niyə icazə verirsən?” deməklə, etirazını bildirib. İspaniyalı qapıçının isə, “O bir jurnalistdi və öz düşüncəsini söyləmək haqqı var” deməsi münasibətləri tam korlayıb. Hazırda Ronaldonun məhz bu üzdən ispaniyalı futbolçularla münasibətlərinin sərinləşdiyi, sadəcə həmyerlisi Pepe və argentinalı Di Maria ilə dostluq etdiyi iddia olunur.
