17 dekabr 2010 14:07
Emin İmaməliyev: `Qarabağ`a qələbə ruhunu qaytarmaq lazımdır
Ağdamın `Qarabağ` klubunun yarımmüdafiəçisi Emin İmaməliyev azerisport.az və “Zerkalo”nun suallarını cavablayıb, Premyer Liqanın 18-ci turunun `Muğan`la keçiriləcək oyunundan danışıb.
- Son oyunlarda qeydə alınan nəticələr sizi ruhdan salmır ki?
- Bizdə elə bir problem yoxdu. Biz situasiyanı ümumiləşdirmirik. Hər oyuna fərqli hazırlaşırıq, yanaşırıq.
- Ola bilər ki, `Qarabağ`ın bu qeyri-sabitliyi komandanın gücünün və əminliyinin azalmasından irəli gəlir?
- Belə şey yəqin ki, ola bilməz. Biz artıq iki ildi bir yerdə oynayırıq və əminlik də kifayət qədərdi. Sadəcə qələbə ruhunu qaytarmağımız lazımdı.
- Qarşıdakı `Muğan`la oyun bu baxımdan sizin özünüzü göstərməyinizə imkan verə bilər?
- Belə də olmalıdı. Bu komandaya qalib gəlmək lazımdı.
- İlk dövrədə də siz belə danışırdınız. Ancaq 2 xal itirdiniz...
- Biz nə edə bilərdik ki, onlar da ikiqat güclə mübarizə aparırdılar. Hansı ki, biz Avropa Liqasında uğurlu oyunlar keçirmişdik. Digər tərəfdən Salyan klubu kifayət qədər güclü komandadı. Heç kim bu komandayla oyunda asan qələbəyə ümid edə bilməz. Bu qarşılaşmada öz oyunumuzu sərgiləməliyik.
- Qış fasiləsi ərəfəsində son matçınız da Lənkəranda olacaq...
- Asan oyun yoxdu. `Xəzər Lənkəran`la səfər oyunları ümumiyyətlə çətin keçəcək. Amma ili yaxşı əhval-ruhiyyədə başa vurmaq lazımdı. Növbəti ildə də işimiz asan olmayacaq. Avropa meydanlarında göstərdiyimiz oyunlar bizim rəqiblərimizi `Qarabağ`la oyunlara daha ciddi yanaşmağa məcbur edir. İlk altılığa düşmək uğrunda çox ciddi komandalar mübarizə aparır. `Qəbələ`, `Qarabağ`, `İnter` və `Bakı` son tura kimi mübarizə aparmalı olacaq. Bu komandalardan biri isə kənarda qalacaq.
- Sizcə kənarda qalan hansı olacaq?
- Ümid edirəm ki, həmin uğursuz biz olmayacağıq. Ancaq qarşıdakı tur həddindən çox həlledici əhəmiyyət daşıyır.
- İl yaxşı əhval-ruhiyyədə başa çatır ya əksinə?
- İki hissəyə bölmək olar. Avrokuboklarda uğurlu çıxış və daxili yarışlardakı uğursuzluq. Çox xal itimişik. Heç kim inanmazdı ki, biz ölkə kubokundan kənarda qalarıq. Növbəti il vəziyyəti dəyişməliyik.
- Yeri gəlmişkən, ilin ən yaxşısı kimi hesab edirsiz?
- Əfran İsmayılovun uzun müddətli zədəsinə baxmayaraq, düşünürəm ki, o, buna layiqdi. Hətta millidəki ilk oyununda da özünü yaxşı tərəfdən göstərməyi bacardı. Bu haqda hamı danışır. Hələ mən onun Avroliqada 5 qol vurmasını demirəm. Həmçinin Rəşad Sadıqovu da qeyd etmək olar.
