17 dekabr 2010 01:42
İbrahim Karqboya növbəti dəstək
`Bakı` fan-klubun fəalları paytaxt klubunun son ölkə çempionu `İnter`lə oyunu ərəfəsində komandalarına dəstək nümayiş etdiriblər. Azerisport.az xəbər verir ki, 60-a yaxın fanklub üzvü “zolaqlılar”ın təlim-məşq bazasına gələrək, komandanın hazırlıq prosesini izləyiblər.
Məşq texniki və taktiki planda digərlərindən fərqlənməsə də, əhval-ruhiyyə baxımından fərqli olub. Azarkeşlərin komandanın məşqinə gəlməsi və futbolçuları dəstəkləməsi onların böyük sevincinə səbəb olub. Məşq boyu müxtəlif şüarlar səsləndirən fanatlar baş məşqçi Vinfrid Şeferin icazəsini alaraq, İbrahim Karqbonu tribunaya dəvət ediblər. Komandanın belçikalı yarımmüdafiəçisinə müqəddəs “Qurani Kərim” hədiyyə olunub. Azarkeşlərlə xatirə şəkli çəkdirən qaradərili futbolçu onlara təşəkkür edərək, məşqə davam edib.
Qeyd edək ki, Karqbo Premyer Liqanın son turunun oyununun ardından rəqib `Neftçi`nin naməlum işçisi tərəfindən fiziki təzyiqə məruz qalmışdı. Məhz bu üzdən hazırda hər kəs bu komandada məhz ona dəstək olmağa çalışır.
