18 dekabr 2010 14:22
4 saata 60 min bilet alınan oyun
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin `Inter` ilə Münhen `Bayern`i arasındakı qarşılaşma artıq erkən final kimi dəyərləndirilir. Təsadüfi deyil ki, İtaliya və Almaniya çempionları arasındakı qarşılaşmaya indidən böyük maraq var.
Ötən mövsüm ÇL-in finalında üz-üzə gələn italyanların qələbəsilə başa çatan bu komandaların bu dəfəki duelini almanlar daha intizarla gözləyir. Çünki Almaniya təmsilçisi bu dəfə qisas almaq istəyindədi. Məhz həmin səbəbdən bu ölkədə keçiriləcək cavab oyununa xüsusi hazırlaşan yerli fanatlar ilk növbədə bilet almaqla rahatlanmaq istəyir. Cəmi 66 min nəfərlik tutuma malik “Allianz Arena”ya isə artıq yəqin ki, boş yer qalmayıb. Çünki püşkatmadan dərhal sonra bu oyun üçün satıla çıxan biletlərin 60 mini cəmi 4 saat içində satılıb. Bu haqda məlumatı `Bayern` tərəfi dünən axşam saatlarında açıqlayıb və martın 15-də keçiriləcək revanş matçına marağın böyük olmasına rəğmən, bilet qiymətlərini artırmaq istəmədiklərini bildiriblər.
