19 dekabr 2010 15:58
Elvin Beqiri: Heç Albaniyada da belə uğurum olmamışdı
`Xəzər Lənkəran`ın müdafiəçisi Elvin Beqiri azerisport.az saytına müsahibəsində Premyer Liqanın 18-ci turunda MOİK üzərində qazandıqları qələbədən, `Neftçi` ilə zirvə mücadiləsindən, həmçinin öz dublundan danışıb.
- Mərkəz müdafiəçisinin dubla imza atması hər gün görünən şey deyil...
- Mən də bu, ilk dəfədi. Heç Albaniyada da məndə belə bir şey olmamışdı. Ümid edirəm ki, bunu cari mövsümün gedişində yenə təkrarlamaq imkanım olacaq.
- Komandanız bu mövsüm 12-ci qələbəsini qazandı.
- Bu, o deməkdi ki, biz yaxşı çalışırıq. Çoxlu qələbə qazanmaq əhəmiyyətlidi. Bu ruhu növbəti oyunlarda da davam etdirmək istəyirik. Əgər hamıdan çox qələbə qazanacağıqsa, deməli çempion olacağıq.
- XL MOİK-ə qarşı heç də nəzərə çarpan oyun sərgiləmədi...
- Xüsusi heç nə deyə bilmərəm. İkinci hissədə istədiklərimizi uğurla həyata keçirə bilmədik. Artıq ikinci qoldan sonra hər şey həll olunmuşdu və matçı başa çatmış hesab etmək olardı. Ondan sonra səhv buraxmaq olmazdı. Hətta belə komandalarla da oyunda elə səhvlər buraxmaq olmaz.
- Belə oynamağınız yoğrunluqdan irəli gəlirdi, ya gücünüzə qənaət edirdiniz?
- Düşünürəm ki, biz yorğunuq. Buna görə də “hərbçilər” daha çox top saxlamağa və bizdən artıq hücumlar təşkil etməyə başladılar.
- Yəqin ki, növbəti turun `Qarabağ`la oyunu daha çətin alınacaq...
- Əlbəttə. Hamı bilir ki, bu rəqibimiz 2010-cu ildə nə qədər güclüdü. Hətta son turlarda uğurlu nəticələr də qazanmağa başlayıblar. Bizim oyunlar həmişə təzyiq altında olur. Ancaq ümid edirəm ki, biz qələbə qazanmaqda davam edəcəyik. Çünki ilin son matçında qələbə qazanmaq bizim üçün çox vacibdi. Məhz bu görüşün nəticəsi bizim mövsümün qalan hissəsinə hazırlıq əhvalımızın necəliyini müəyyənləşdirmiş olacaq.
- Yeri gəlmişkən, zirvə uğrunda mübarizədə əsas rəqibiniz olan `Neftçi` də qələbə qazandı...
- Rəqibimiz başqa cür edə bilməzdi. Bakılıların `Gəncə` üzərində qələbə qazanacağını gözləmək olardı, ancaq belə böyükhesabla yox (4:0). Mənim üçün bu qələbə bir qədər sürpriz oldu. Axı biz çox yaxşı bilirik ki, həmin komanda öz meydanında necə yaxşı oyun sərgiləyir. Biz `Gəncə`yə birinci dövrədə 1:4 hesabıyla məğlub olmuşduq. `Neftçi` belə çalışırsa, çempion olmaq istəyir.
- Turnir cədvəlinin indiki vəziyyətinə əsasən çempionluq uğrunda məhz bu iki klubun mübarizə apardığını aydın görmək olur. Olmaya siz başqa cür fikirləşirsiz?
- Hesab edirəm ki, digər klubların da müdaxiləsi bu baxımdan az əhəmiyyət daşımayacaq. Məsələn, AZAL və `İnter`in.
