19 dekabr 2010 12:06
Premyer Liqada 18-ci turun bu günə nəzərdə tutulan bütün oyunları təxirə salındı
İngiltərə Premyer Liqasının bu günə nəzərdə tutulan bütün oyunları təxirə salınıb. Azerisport.az xəbər verir ki, Böyük Britaniyaya yağan kəskin qar yağışları dünənki 6 qarşılaşmadan 4-nü başqa tarixə keçirən İngiltərə Futbol Federasiyasını digər görüşlərlə də bağlı oxşar qərar çıxarmağa məcbur edib.
Qeyd edək ki, bu gün keçirilməsi nəzərdə tutulan, bütün dünyanın maraqla gözlədiyi 18-ci turun `Chelsea` - `Manchester United` qarşılaşması hələ dünəndən təxirə salınmışdı. Bu qarşılaşmayla yanaşı, dekabrın 19-na təyin olunan `West Bromwich` - `Wolverhampton`, həmçinin `Blackpool` - `Tottenham` matçlarının baş tutacağına ümid bəslənilsə də, artıq həmin görüşlərin də təxirə salındığı bildirilir.
Xatırladaq ki, cəmi 2 oyunu baş tutan hesabat turunun dünənə təsadüf edən görüşlərindən daha 4-ü (Arsenal - Stoke City, Birmingham – Newcastle, Wigan - Aston Villa, Liverpool – Fulham) başqa tarixə keçirilmişdi. Sabaha nəzərdə tutulan `Manchester City` - `Everton` görüşünün taleyi isə sual altındadı.
