20 dekabr 2010 18:52
Cahangir Həsənzadə: İl bizim üçün mayda başa çatacaq
AZAL-ın qapıçısı Cahangir Həsənzadə azerisport.az saytının əməkdaşının suallarını cavablayıb.
- `Qəbələ` ilə oyunda belə başlanğıc təsəvvür edirdinmi?
- Xeyr, əlbəttə ki, belə dönüşü gözləmirdim.
- Komandanızın belə iki qol buraxmasına nə səbəb oldu?
- Səbəbini dəqiq deyə bilmərəm. Ancaq görünür ki, komanda bu oyuna ilk dəqiqələrdən köklənə bilməmişdi. Belə şeylər olur. Oyuna arxayın çıxırsan və belə problemlər yaranır.
- `Qəbələ` sizi təəccübləndirdi?
- Mən belə deməzdim. Onlar son dövrlər adət etdikləri oyunu sərgilədilər. Turnir cədvəlindəki vəziyyət elə idi ki, rəqibimizin qələbə istəyi hardasa daha çox idi. Həm onlar, həm də biz bu görüşün necə vacib əhəmiyyət daşıdığını gözəl bilirdik. Çünki bu 3 xallıq qarşılaşmalardan deyildi. Hər iki komandanın əsas istəyi mütləq qalib gəlmək idi.
- Sonda siz məğlubiyyətdən qaçdınız. Nəticə qane etdi?
- Matçın gedişinə görə, bəli. Ancaq oyundan öncə qarşımıza qələbə qazanmaq məqsədi qoymuşduq. Hər halda şadam ki, oyunda dönüş yarada bildik və sərfəli heç-heçəylə başa vurduq. Futbolçular sona kimi bütün güclərini qoydular ki, uduzmayaq.
- `Qəbələ`yə qolu demək olar ki, paltardəyişmə otağında vurdunuz, hansı ki, həmin qol bu komandanın 10 oyunluq quru seriyasına son qoydu...
- Siz dediyiniz fakta diqqət yetirmişdik. Bu da bizə əlavə stimul oldu və irəli inamla baxmağa ümid verdi.
- Qış fasiləsinə kimi bir oyununuz qaldı. Bu il üçün nəticənizi necə qiymətləndirirsiz?
- Kafi. Minimum vəzifə yerinə yetirilib. Bəli, yanlışlıqlarımız da oldu. Komandada dəyişikliklərə rəğmən, bütöv bir kollektiv ola bildik. Biz çalışırıq kollektiv oyun sərgiləyək. Həmçinin hər bir oyunçu bütün imkanlarından yararlanır ki, uğur qazanaq. Hazırda iki lider var – XL və `Neftçi`. Halbuki startda onları sayı 6 idi. Ancaq bu kağız üzərindəydi. Liderliyi meydanda göstərmək lazımdı. Hələlik kimin güclü, kimin zəif olduğundan danışmaq tezdi. Hər şeyi çempionatın sonu göstərəcək.
- Bəs bütövlükdə bu ili aktivinizə yazmaq olarmı?
- Bəli, olar. İl hələlik təqvim üzrə yekunlaşır. Bizim üçün il mayda başa çatacaq (gülür).
- 2011-ci illə bağlı nə ümidləriniz var?
- Bizim iki məqsədimiz var. `Altılıq`dakı yerimizi qorumaq və yeni məqsədləri müəyyənləşdirmək.
- AZAL sizcə hələ `altılığ`a düşmək vəzifəsinin öhdəsindən gəlməyib?
- Nəzəri cəhətdən baxsaq, yox. Axı bu, futboldu, hər şey ola bilər. Başlıcası həvəsdən düşməməyimiz, yorulmamağımızdı.
