20 dekabr 2010 19:46
`Qəbələ` `Lokomotiv` və `Şturm`la qarşılaşacaq
Məlum olduğu kimi, qarşısına Premyer Liqada və ölkə kubokunda uğur qazanmağı məqsəd qoyan `Qəbələ` FK qış fasiləsində hazırlıqlarını Antalyada davam etdirəcək. Azerisport.az xəbər verir ki, Toni Adamsın rəhbərlik etdiyi komanda bu məqsədlə yanvarın 18-də toplanacaq.
Komanda Antalyanın Belek bölgəsində “Riksos” oteldə qərarlaşacaq. Təlim-məşqlərin yanvarın 28-ə kimi keçirilməsi planlaşdırılır. Hazırlıq çərçivəsində `Qəbələ` bir neçə komanda ilə yoldaşlıq oyununda üz-üzə gələcək. Ayın 22-də və 27-də baş tutması gözlənilən matçlarda `Qəbələ` böyük ehtimalla Rusiyanın `Lokomotiv` (Moskva) və Avstriyanın `Şturm` kollektivləri ilə qarşılaşacaq. Komandanın heyətinə bir neçə yeni futbolçunun cəlb olunması da planlaşdırılır.
Xatırladaq ki, komanda Premyer Liqanın təsnifat mərhələsinin 19-cu turu çərçivəsində dekabrın 23-də keçirilən `Qəbələ` - `Bakı` matçından sonra istirahətə buraxılacaq.
