20 dekabr 2010 12:39
Elvin Beqiri üçün Emin Quliyevi unutdurmaq şansı
`Xəzər Lənkəran`ın futbolçusu Elvin Beqiri üçün Premyer Liqanın 18-ci turu uğurlu oldu. Azerisport.az xəbər verir ki, cənub təmsilçisinin albaniyalı legioneri MOİK-lə oyunda dubl müəllifi oldu.
Klubun rəsmi saytının xəbərinə görə, müdafiəçi bununla da `Xəzər Lənkəran` formasında vurduğu qolların sayını 5-ə çatdırıb. Elvin komandanın tarixi ərzində ən azı 5 qol vuran 28-ci oyunçu olub. Beqiriyə qədər yalnız 1 müdafiəçi bunu bacarıb. Bu da cənubluların sabiq kapitanı Emin Quliyev idi. O, komandanın 12 qoluna imza atıb.
Emin Quliyev dubllarını 2007-ci ildə gerçəkləşdirib. Quliyev əvvəl 2006/07 mövsümünün sonlarında `Olimpik`lə matçda (3:2) bakılıları məyus etmişdi. Bu qarşılaşma aprelin 27-də keçirilmişdi. Heç 5 ay keçməmiş Emin yenə dubla imza atdı. O, 2007/08 mövsümünün startında – 5-ci turun `Turan`la görüşündə (2:0) fərqləndi. Həm ilk dubl, həm də sentyabrın 16-dakı matç Lənkəranda və çempionat çərçivəsində baş tutmuşdu.
Cari mövsüm məhsuldarlığı ilə seçilən albaniyalının Eminə çatacağı mümkün görünür.
Qeyd edək ki, sırf müdafiəçi olan Elvindən fərqli müdafiəçilərin ən yaxşı bombardiri bəzən yarımmüdafiəçi kimi də çıxış edib.
