21 dekabr 2010 16:38
`Qarabağ` Lənkərana yollandı
Premyer Liqanın 18-ci turu çərçivəsində səfərdə `Xəzər Lənkəran`la qarşılaşacaq `Qarabağ` artıq Lənkərana yollanıb. Azerisport.az xəbər verir ki, səhər saat 10:00-da Suraxanı qəsəbə stadionunda son məşqini edən Ağdam təmsilçisinin millidəki futbolçuları AFFA-nın tədbirinə qatıldıqdan sonra `Xəzər Lənkəran`la oyuna yollanıblar.
Komandada son oyundan qabaq itkilərin olmaması prinsipial oyunöncəsi üzləri güldürür. Çempionatın startından bəri komandanı izləyən zədə sindromunun geridə qalması artıq tam heyətlə məşq etməyə imkan yaradıb. Yalnız yüngül zədəsi olan Rəşad Kərimov Lənkərana aparılmayıb. Əvəzində `Turan`la oyunda zədələnərək əvəzlənən Zaur Həşimovun zədəsinin ciddi olmadığı aşkarlanıb. Bu gün komandayla məşq edən müdafiəçi komanda ilə birlikdə Lənkərana səfər edib.
Ağdamlılar sabah səhər 11:00-da oyunun keçiriləcəyi stadionda məşq edəcək. Xatırladaq ki, `Xəzər Lənkəran` - `Qarabağ` oyunu dekabrın 23-də saat 17:00-da keçiriləcək.
