21 dekabr 2010 00:02
Pavel Doroşev `Qəbələ`nin uğurunun sirrini açıqladı
`Qəbələ` cari mövsümə uğursuz start versə də, qısa müddətdə toparlana bildi. Azerisport.az xəbər verir ki, son pillədən 4-cü yerə kimi yüksələn komandanın uğurunda bütün kollektiv üzvlərinin danılmaz əməyi var. Bu mənada qapını uzun müddət toxunulmaz saxlayan və mövsümün rekordunu müəyyənləşdirən çərçivə qoruyucusu Pavel Doroşevin çıxışını xüsusi vurğulamaq lazımdır. Doreşev özü isə klubun rəsmi saytına verdiyi müsahibədə uğurun sirrini yalnız səbrli olmaqda və irəli baxmaqda görür:
- Komanda uzun müddətdir qol buraxmırdı. Bu, uğurun sirri nədədir?
- Sadəcə, futbol oynayırıq, vəssalam. Elə alınıb ki, son vaxtlar çıxışımız uğurlu alınır. Qarşımızda vəzifə var. Qalib gəlib, xal ehtiyatını artırmaq lazımdır. Mən isə qol buraxıb-buraxmamağıma diqqət vermirəm. Mənim üçün əsas nəticədir. Öz mövqeyimdə maksimum diqqətli olmağa çalışıram. Fikrimcə bu məndə pis alınmır.
- Necə düşünürsən, çox uğursuz startdan sonra komandanın sürət yığmasına və turnir cədvəlində yerini yaxşılaşdırmasına nə səbəb oldu?
- Biz ruhdan düşmədik. Komandada yeni futbolçular çox idi və onların komandaya uyğunlaşması üçün zamana ehtiyac var idi. Komanda olaraq səbrlə və planlı məşqlərimizi davam etdirdik. Getdikcə oyunumuz oturdu və yaxşı nəticələr qazanmağa başladıq. Bunda yeni məşqçi heyətinin də böyük rolu oldu.
- Yeri gəlmişkən, Toni Adamsın gəlişindən sonra komandada hansı dəyişikliklər gözə çarpır?
- Komandada kollektiv oyun və yardımlaşma günü-gündən inkişaf edir. Bu mənada Toni Adamsın məşqçilik və futbolçu təcrübəsi böyük əhəmiyyət daşıyır və komandamızın nümayiş etdirdiyi oyuna birbaşa təsir göstərir. Adams hər bir futbolçu ilə fərdi maraqlanır. Əla məşqçi, əla psixoloqdur. Sözsüz ki, onunla işləmək xoşdur. Adams ilk növbədə yaxşı insandır. Futbolçulara böyük hörmətlə yanaşır. Peşəkar futbolçu olub, çox yüksək səviyyələrdə oynayıb. Futbolu incəliyinə kimi bilir. O, bizi əsl futbolçu kimi tərbiyələndirir. Bu planda çox yaxşı mütəxəssisdir.
- Bildiyin kimi, heyətdə 10-a yaxın fərqli millətin nümayəndəsi var. Səncə bu, mehriban kollektivin formalaşmasına mənfi təsir göstərmir ki?
- Qətiyyən. Düzdü, ilk vaxtlar bütün futbolçular müəyyən qədər uyğunlaşmaq problemi yaşayırlar. Bu dövr bizim komandada tez keçir. Heyətdəki bütün futbolçular bir-birilərə dost münasibəti bəsləyirlər. Hamı – həm məşqçilər, həm futbolçular bir birləri ilə mehriban davranırlar.
- Qəbələ çox da böyük və inkişaf etmiş şəhər deyil. Əyalətdə yaşamaq sənə çətin gəlmir ki?
- Bizə Qəbələdə həm futbol, həm də istirahət üçün hər cür şərait yaradılıb. Amma Bakı ilə müqayisədə Qəbələnin imkanları xeyli fərqlidi. Axtardığın hər şeyi burda tapa bilməzsən. Bəzən insanın ürəyi sıxılır (gülür).
- Fikrincə komanda cari mövsümdə Premyer Liqada və kubokda uğurlu nəticə əldə edə biləcək?
- Bizdə yalnız bir hədəf var – hər dəfə növbəti oyunu udmaq. Bütün matçlara bu prinsiplə hazırlaşırıq. Qarşıda müəyyən vəzifə var, ancaq bunu reallaşdırmaq üçün daha çox qalib gəlmək lazımdır. İnanıram ki, hər şey planlaşdırdığımız və arzuladığımız kimi yekunlaşacaq.
