21 dekabr 2010 00:06
Gələcəyini düşünməyən klublarımız
Artıq Premyer Liqada qış fasiləsinə, həm də demək olar ki, təsnifat mərhələsinin başa çatmasına ciddi bir şey qalmayıb. Düzdü, elita təmsilçiləri fasiləyə cəmi bir necə gün sonra baş tutacaq 19-cu turun görüşlərindən sonra yollanacaqlarsa, təsnifat mərhələsinə gəlin ilin əvvəlində yekun vurulacaq. Amma məsələ burasındadır ki, qış fasiləsindən sonra təsnifat mərhələsinin keçirilməmiş yalnız 3 oyunu qalacaq.
Deməli, elə indidən cari mövsümün iştirakçılarının qarşıdakı aqibəti haqda müəyyən ehtimallar irəli sürmək olar. Hansı ki, geridə qalan 18 tura əsasən hansı komandaların “altılıq” mərhələsində nə uğrunda mübarizə aparacağı böyük ölçüdə dəqiqləşib. Son turda `Neftçi` və `Xəzər Lənkəran`ın çempionluq uğrunda mübarizə aparacağı rəsmi təsdiqini tapdı. Son 4 tur ərzində AZAL-ın da mövqeyini itirməsi möcüzə olardı. İlk altılığa digər əsas namizədlər `İnter`, `Qarabağ` və `Qəbələ` olsa da, `Bakı`nın hələlik mübarizədən tam qopmaması bu baxımdan dəqiq fikir yürütməyə imkan vermir.
Söhbətimizin əsas mövzusu isə, məhz yuxarıda adıçəkilən 7 klubla layiqli mübarizə apara bilməyən iştirakçıların aqibəti ilə bağlı olacaq. Hansı ki, hazırda autsayderlər qrupunda qərarlaşıblar və mübarizəni ikinci altılıqda davam etdirəcəkləri heç kimdə şübhə doğurmur. Həmin kateqoriayaya aid komandaların bəzilərinin nə istədiklərinin belə bəlli olmaması isə daha çox düşündürür.
Bu mənada MOİK-dən uzun-uzadı danışmağa dəyməz. Çünki uzun illərdi Azərbaycan çempionatlarında “aşağı-yuxarı” var-gəl eləyən ordu klubu zəiflər arasında çempion olmağı bacarsa da, güclülər arasında qapazaltı olub, elə həmin ildəcə yenidən ən layiq olduğu çempionata dönmək məcburiyyətində qalır. Elə bu il də oxşar mənzərənin şahidi olmaqdayıq. İndiyə kimi cəmi 5 xal toplayan, qarşısına çıxan hər komandaya 3 xal paylamaqla məşğul olan “hərbçilər”in mövsüm bitincə birinci diviziona qayıdacağına yəqin ki, heç MOİK də rəhbərliyi də şübhə etmir. Heyətində çoxlu gənc futbolçuların yer almasına baxmayaraq, bu klubun yürütdüyü siyasət heç bir parlaq gələcək vəd etmir. Təəssüf ki, həmişəki kimi...
Deyə bilərsiniz ki, `Simurq` rəhbərliyi də heyəti tamamilə gənc uşaqlardan təşkil edib. Lakin həm bu komandayla, həm də `Turan`la bağlı vəziyyət hardasa fərqli görünür. Ən azı ona görə ki, bu mövsümə kimi əsas gücü legionerlərə qoyub, onların hesabına uğur qazanmaq istəyən Zaqatala klubunun hazırkı siyasəti sadəcə alqışa layiqdi. Baxmayaraq ki, həmin gənclərlə lazımı nəticələr qazanmaq bir qədər çətin başa gəlir. Necə ki, 18 oyuna cəmi 11 qol vurub, eyni sayda da xal toplamağı bacaran Qyoko Haciyevskinin yeniyetmə futbolçuları komandanın yeganə təcrübəlisi Samir Əliyevin rəhbərliyi altında hələ ki, 11-ci pillədə qərarlaşıb. Amma oyundan-oyuna daha da artıran, uyğunlaşan bu gənclərin gələcəkdə Zaqatala təmsilçisini ağ günə çıxaracağına dair böyük ümidlər var. Təbii ki, komanda elitadakı yerini qoruyub saxlamağı bacarsa...
`Turan` cari mövsümə də həmişəki kimi başlamışdı. Heyətində Tovuz futbolunun çoxsaylı gəncləri olmasına baxmayaraq, ordan-burdan gətirilmə legionerlər, yaşlı, heç kimə lazım olmayan oyunçular da var idi. Lakin ardıcılı uğursuzluqlardan sonra ziyanın yarısından da dönməyi xeyir hesab edən klub başbilənləri siyasətini elə mövsümün gedişində dəyişdi. Belə lazımsız futbolçuların əksərini komandadan uzaqlaşdıran `Turan` gənclərin ümidinə qalıb və hazırda rəhbərlik sırf gələcəyə hesablanan işlər barədə düşünür. Bu siyasət dəyişdirilməsə və sonunadək düzgün şəkildə davam etdirilsə, yaxın gələcəkdə bu şəhər yenidən öz qüdrətini bərpa etmiş olacaq. Bu komandanın cari mövsüm üçün Premyer Liqada qalıb-qalmamaq vəzifəsinin öhdəsindən nə dərəcədə gələcəyi isə başqa məsələdi.
Lakin təəssüf ki, eyni sözləri `Muğan` və `Gəncə`yə aid etmək olmur. Çünki adıçəkilən klubların Premyer Liqada nə üçün mübarizə apardığı, qarşılarına nə məqsəd qoyduqları böyük sual doğurur. Olmaya Gəncə və Salyan təmsilçiləri sadəcə xal paylamaq üçün elitada var-gəl edirlər? Ya kimlərinsə xahişi ilə bəzi iddialı komandaları büdrədib, digərlərinə yardım etməklə, nəyəsə ümid edirlər?
Bütün belə sualları doğuran məqamlar isə hər iki klubun yürütdüyü hazırkı siyasətlərdi. Məsələ burasındadı ki, digər iddialılarla başa-baş mübarizə aparmağa ən azı maliyyə imkanları yetməyən hər iki bölgə təmsilçisi çıxış yolu kimi, `Turan` və `Simurq`un yolunu tuta bilərdi. Hər halda bir neçə il səbr edib, gələcəkdə uğur qazanmağın planlarını cızmaq hazırda futbolun ən işıqlı yolu hesab olunur. Ancaq gəlin görək, Gəncə və Salyan klubları necə siyasət yürüdür və bu siyasətlə hara qədər getmək olar?
Hazırda topladığı 22 xalla autsayderlər arasında “iddialı” olan `Gəncə`nin heyətində də gənc oyunçular var. Lakin çox təəssüf ki, onların sayı yetərincə azdı. Əvəzində təcrübəli, yaşı keçmiş, digər elita klublarına lazım olmayan futbolçular yetərincədi. Azər Məmmədov, Rafael Əmirbəyov, Vasif Haqverdiyev, İbrahim Hüseynov, Ceyhun Sultanov kimi futbolçular digər elita təmsilçilərinin ehtiyat qüvvəsi olduğu halda, `Gəncə` onları böyük ümidlərlə heyətinə qatdı. Düzdü, Sultanovla yanaşı 33 yaşlı legioner futbolçu Junivan Suares də bölgə təmsilçisinin əsas silahlarından hesab olunur.
Amma fakt göz qabağındadı ki, onların da əlindən gələn budu. Klub rəhbərliyinin 1976-cı il təvəllüdlü kamerunlu Armand Feutçin, 1979 təvəllüdlü ukraynalı Vladimir Kozlenkoya niyə hədər yerə pul xərclədiyini də başa düşmək olmur. Eləcə də yaşı çox olmamasına rəğmən, komandaya ciddi faydası dəyməyən digər legionerləri də bu siyahıya aid etmək olar. Hər halda `Gəncə` rəhbərliyi də məhz yerli və gənc uşaqları komandaya cəlb etməklə, sırf gələcəyin komandasını qurmaq haqda fikirləşsə, pis olmazdı.
Elə `Muğan`da da eyni vəziyyət hökm sürməkdədi. Salyan klubu da yerli, ümumiyyətlə gənc və yeniyetmə futbolçulara, uşaq futboluna diqqət ayırmaq əvəzinə, yerlilərdən fərqlənməyən legionerlərə, digər klubların ehtiyac duymadığı “yaşlılar”a pul xərcləməklə gününü keçirir. Halbuki, bu yolun uğura aparmadığı indiki zamanda istənilən futbol adamına məlumdu.
