22 dekabr 2010 12:20
Ruslan Abışov: Bizim yerimizə qaçan, qol vuran hakimlərdi?
`Neftçi`nin müdafiəçisi Ruslan Abışov azerisport.az və “Zerkalo”ya müsahibəsində 2010-cu ili birinci pillədə başa vurmağın mümkünlüyündən, Lənkərandan gələcək xoş xəbərlərdən və hakimlikdən danışıb.
- Çempionatın təsnifat mərhələsinin başa çatmasına cəmi 4 tur qalır. Sizcə, son oyununuz `Neftçi` üçün nə dərəcədə vacib əhəmiyyət daşıyır. Təkcə, hesab baxımından yox, həm də turnir cədvəli baxımından. Axı indiki lider - `Xəzər Lənkətan`ı da `Qarabağ`la oyun gözləyir...
- Baxmayaraq ki, mən sarı vərəqə limitinə görə `Turan`la oyunu buraxmalı olacam, ümid edirəm ki, qələbə qazana biləcəyik. Həm də bir gözümüzlə `Xəzər Lənkəran` - `Qarabağ` oyununa baxmalı olacağıq. Çox istəyirik ki, ili birinci pillədə başa vuraq. Digər oyunlara gəlincə, əminəm ki, fasilə dövründə həmin matçlara da yaxşı hazırlaşa biləcəyik. Eyni zamanda son 3 oyundan maksimum xal qazanmağa nail olacağımıza da inanıram. Təsnifat mərhələsini də lider kimi qapamaq istəyirik.
- `Bakı`ya yenilginin ardından komandanız `Gəncə`ni darmadağın etdi. Bu qələbə `Neftçi`nin qələbə ruhunu yüksəldə bilərmi?
- `Bakı` ilə oyunun nəticəsi artıq geridə qaldı. Son turda biz `Gəncə` üzərində inamlı qələbə qazandıq. Şübhəsiz ki, bu qələbə bizə çox kömək etmiş oldu. `Bakı` ilə oyun haqda yalnız onu deyə bilərəm ki, komanda yaxşı oyun sərgiləyirdi. Deməzdim ki, rəqib həmin görüşdə bizdən güclü idi. Sadəcə, ikinci qol hər şeyin həlli oldu.
- `Turan`la oyuna qayıdaq: ilk görüşdə bu rəqib `Neftçi` ilə hamını təəccübləndirən heç-heçəyə imza atmışdı (2:2)...
- Düşünürəm ki, bu dəfəki oyun revanş xarakteri daşıyacaq. Axı biz ilk oyunda iki vacib xal itirmişik. Ümid edirəm ki, bu qarşılaşmada arzumuza çatacağıq və eyni zamanda Lənkərandan da xoş xəbər eşidəcəyik.
- Sizin üçün çempionatın ilk hissəsini lider kimi başa vurmaq nə dərəcədə vacibdi? Axı komanda artıq “altılığ”a düşüb...
- Bu, psixoloji baxımdan bizim üçün yaxşı olardı. С психологической точки зрения это для нас хорошо. Artıq indidən birinci pillədəki mövqeyimizə alışmalıyıq ki, çempionatın sonuna kimi liderliyimizi əminliklə qoruya bilək. Mövsümün sonunda da yəqin ki, kimin düz yolda olduğu dəqiq bilinəcək.
- `Neftçi`nin son 4 rəqibindən üçü - `Turan`, `Simurq` və MOİK-di. Yalnız bir prinsipial oyununuz olacaq - `Xəzər Lənkəran`la. O da yeni ildən sonrakı ilk qarşılaşmanızdı. Sizi hansı cədvəl qane edir?
- Gec-tez biz hamıyla oynamalıyıq. Ancaq daha yaxşı olardı ki, biz öncə MOİK-lə oynayıb, fasilədən sonra `Turan`la qarşılaşaq. Ən sonda isə `Xəzər Lənkəran`la görüşərdik.
- Son dövrlər hakimlərin komandanıza kömək etdiyi haqda söz-söhbətlərə münasibətini bilmək də maraqlı olardı...
- Belə şeylər eşidəndə, məndə futbol oynamağa da nifrət hissi yaranır. Oyuna baxıb, sonra da hakimlərin bizə yardım etdiyini söyləmək, bu, sadəcə haqsızlıqdı. Axı biz qələbə yolunda son damla gücümüzə kimi çalışırıq, nəticələr hamısı bizim zəhmətimiz, gücümüz hesabına qazanılır. Yoxsa bizim yerimizə qaçan, qol vuran hakimlərdi? Nəyə görəsə, ötən il biz lider olmayanda heç kim hakimlərin `Neftçi`yə yardım etməsindən söhbət açmırdı. Amma indi biz yaxşı oynayırıq, əksər vaxtlarda çempionatın lideri olmuşuq deyə hakimlər bizə kömək edir. Belə görünür ki, kimlərsə bizim uğurlarımızı görmək istəmir, bunu həzm edə bilmir.
