22 dekabr 2010 12:42
MOİK də ittihamları bəyanatla cavabladı
Mərkəzi Ordu İdman Klubu (MOİK) son günlər mətbuatda dolaşan informasiyalarla bağlı bəyanat yayıb. Azerisport.az həmin bəyanatı olduğu kimi təqdim edir:
“MOİK rəhbərliyi rəsmən bəyan edir ki, bütün bu yazılanlar cəfəngiyyatdır və heç bir əsası yoxdur. 2002-ci ildən etibarən peşəkar futbol klubu statusu daşıyan MOİK Müdafiə Nazirliyinin dəstəyi sayəsində bundan sonra da fəaliyyətini davam etdirəcək. Mətbuatda dərc edilən məqalələrin əksinə olaraq, klubda heç bir maliyyə problemi yoxdur.
KİV-də MOİK-in dekabrın 18-də Premyer Liqanın 18-ci turu çərçivəsində `Xəzər Lənkəran`la oyuna çıxmayacağı barədə də əsassız fikirlər səsləndirilirdi. Lakin komandamızın `Xəzər Lənkəran`la görüşü bu iddiaların absurd olduğunu göstərdi. Analoji fikirlər dekabrın 21-də mətbuatda işıq üzü gördü. Bildirilirdi ki, guya MOİK dekabrın 23-də `Simurq`la oyuna çıxmayacaq. Qeyd etmək istərdik ki, MOİK-in əvəzedici heyəti artıq Zaqataladadır, əsas komanda isə bu gün axşam saatlarında səfərə yollanacaq. Göründüyü kimi, MOİK-i istəməyənlər, hər fürsətdə komandamız barədə yanlış fikir səsləndirənlərin növbəti iddiası boşa çıxdı.
Yaxşı olardı ki, KİV nümayəndələri öz yazılarında MOİK-in orta yaş həddinə görə Premyer Liqada ən gənc kollektiv olmasına, heyətində demək olar, legioner oynatmamasına diqqəti yönəltsinlər. MOİK indiyədək Azərbaycan futboluna bir sıra istedadlı oyunçular bəxş edib və indi də heyətdə futbolumuzun gələcək ulduzları yer alıblar. Belə bir perspektivli komanda barədə bəzi mətbu orqanlarının “qara piar” aparması yox, dəstək göstərməsi daha məqsədəuyğun olardı.
2010/11 mövsümünün debütantı olan MOİK-in əsas məqsədi Premyer Liqada yerini qorumaqdır. Əgər cari mövsüm bu məqsədimizə çatmasaq, növbəti ildə birinci divizionda iştirak edib, yenidən Premyer Liqaya dönməyə çalışacağıq”!
