23 dekabr 2010 16:50
Baş məşqçi qoldan sonra yan xətt hakimini öpdü
Bu gün Zaqatalada keçirilən `Simurq` - MOİK matçında da maraqlı hadisə yaşanıb. Azerisport.az xəbər verir ki, 1:1 hesablı bərabərliklə başa çatan qarşılaşmanın gedişində yetirməsinin rəqib qapısına qol vurduğu epizodda qonaqların baş məşqçisi Ramil Əliyev qəribə hərəkətiylə diqqətləri çəkib.
Belə ki, komandası yenik durumda olarkən, 80-ci dəqiqədə Orxan Babayevin hesabı bərabərləşdiydiyi anda “hərbçilər”in gənc çalışdırıcısı da yan xətt hakiminin yanına qaçmağa başlayıb... və onun üzündən öpüb. Maraq üçün qeyd edək ki, həmin görüşdə yan xətt hakimləri İsgəndər Əliyevlə Elşən Acalov olub. Lakin məşqçinin onlardan hansını öpdüyü dəqiq bilinmir.
Zaqatala klubunun rəsmiləri isə qapılarına vurulan həmin bərabərlik qolunun ofsayddan vurulduğunu iddia edirlər. Hər halda klubun icraçı direktoru Vaqif Əliyev azerisport.az saytına açıqlamasında bunu bəyan edib:
“O, bizim oyunçumuzdan 5 metr qabaqda idi. Ümumiyyətlə, bu, harda görünüb ki, baş məşqçi qol vurulandan sonra laynsmanın üzündən öpsün? Hətta MOİK-in öz oyunçuları da baş verənlərə məəttəl qalmışdılar”.
