24 dekabr 2010 13:57
Rauf Əliyev: Heç vaxt Lənkərandakı oyunlardan çəkinməmişik
Premyer Liqanın 19-cu turu çərçivəsində səfərdə `Xəzər Lənkəran`a qarşı oyunda `Qarabağ`ın hər iki qolunun müəllifi Rauf Əliyev azaerisport.az və `Zerkalo`nun suallarını cavablayıb.
- Vurduğunuz qollar sayəsində `Qarabağ` `Xəzər Lənkəran`ı səfərdə məğlub edə bildi...
- Lənkəranda xal götürmək çox çətin məsələdir. Çox sevindiricidir ki, iki qol vura bildim və komanda üç xal qazandı. Bununla gbelə bizi heç-heçə də qane edirdi.
- Demək əsas məqsəd məğlub olmamaq idi?
- Bəli, əsas məğlub olmamaq idi. Yəni, bu qədər azarkeşin qarşısında belə bir komandaya qarşı oynayıb bir xal qazanmağı da uğur kimi qiymətləndirmək olar.
- Sizcə bu qarşılaşmada uğura səbəb nə idi?
- Deməzdim ki, hər hansı xüsusi səbəb var. Sadəcə biz çalışır, mübarizə aparırdıq. Bu oyuna komanda taktiki baxımdan yaxşı hazırlaşmışdı. Ümumilikdə də hazırlıq yaxşı idi.
- Avrokuboklardan sonra çoxları düşünürdü ki, “Qarabağ” liderlər arasında olacaq və 2010-cu ili ən azı 3-cü yerdə tamamlayacaq. Ancaq etiraf lazımdır ki, komanda bu müddət ərzində elə də sabit çıxış etmirdi. Sizcə bu nə ilə bağlıdır?
- Buna səbəb bir çox amillər vardı: zədəlilərin sayı, bəzən millinin toplanışları oyunların qrafiki ilə üst-üstə düşürdü. Bütün bunlar tədricən toplanaraq çətinliklər yaradırdı. Məsələn, yorğunluq kimi. Bəzən isə biz bir oyuna heç olmasa 18 oyunçu yığa bilmirdik. Buna görə də ardıcıl uduzur və öz oyunumuzu göstərə bilmirdik. Şükür Allaha, son oyunda qələbə qazana bildik. Ümid edirəm ki, komanda bu ruhda da davam edəcək.
- Oyundan sonra baş məşqçi Qurbanov maraqlı fikir səsləndirib ki, komanda çoxsaylı tamaşaçıları üçün darıxıb. Bu, qeyri-sabitliyin səbəblərindən ola bilər?
- Düzü, biz heç vaxt Lənkərandakı oyunlardan ehtiyatlanmamışıq. Yəni, bu qədər tamaşaçı qarşısında biz həmişə zövq duyuruq. Axı avrokuboklardan sonra biz bir dəfə də olsun çoxsaylı azarkeş qarşısında oynamamışıq.
- Yəni, tamaşaçılar sizin üçün dopinqdir?
- (Gülür) Təbii ki. Çoxlu tamaşaçı olanda bu, bizi ruhlandırır, güc verir. Oyun daha da xoş olur, futbolun özü də gözəlləşir.
- Necə hesab edirsiniz, tamaşaçıların oyunlara gəlməsi üçün nə lazımdır?
- Özümə də maraqlıdır ki, bunu üçün nə lazımdır. Nədənsə tamaşaçılar bölgələrdə oyunlara paytaxta nisbətən çox gedir. Bilmirəm niyə belədir. Adətən paytaxt oyunları daha çox tamaşaçı toplayır. Bizdə isə əksinədir.
- Sonda yığma mövzusuna toxunmaq istərdik. Məlumdur ki, baş məşqçi Berti Foqts yanvarın sonu, fevralın əvvəlinə yığmanın toplanışlarına yeni adlar çağırıb. Misal üçün, onlar arasında hücumçu Murad Hüseynov, qapıçı Andrey Popoviç var. Sizcə, bu çağırışçılardan başqa daha kim yığmaya dəvətə layiq idi?
- Düşünürəm ki, bunu məşqçi qərarlaşdırır. Yəni mən özüm də oyunçuyam və məni də komandaya çağırırlar. Bu barədə fikrimi deyə bilmərəm. Çünki, kiminsə adını çəkməyim düzgün olmazdı. Axı hər bir oyunçu yığmada çıxış etmək istəyir. Mənə özümün çağırılmağım vacibdir və bu, kifayətdir. Bu səbəbdən konkret heç nə deyə bilmərəm.
