25 dekabr 2010 17:12
Deon Barton: Yarım ildən sonra Azərbaycan dilində danışa biləcəm
`Qəbələ`nin hücumçusu Deon Barton azerisport.az saytına müsahibəsində cari mövsümün qış fasiləsinə qədərki dövrünü dəyərləndirib.
- `Qəbələ` təqvim ilini uğurla başa vura bilmədi. Buna nə səbəb oldu?
- Bizim üçün çox çətin oyun alındı. Bu oyun onlar üçün son şans idi. Ona görə onların qələbəni bizdən çox istəməsini təəccüblü hesab etmirəm. Onu da qeyd edim ki, meydanda `Bakı` bizə qarşı 11 yox, daha çox oyunçuyla mübarizə aparırdı.
- Siz hakimə işarə edirsiz?
- Əgər oyuna baxdınızsa, onda gər şeyi özünüz gözəl bilirsiniz. Hakim bizim lehimizə bir dənə də olsun, qərar qəbul etmədi. Digər tərəfdən `Bakı`yla `Qəbələ` arasında böyük fərq var. Rəqibimiz böyük klub idi. Bu İngiltərədə `Manchester United`in hansısa ortababla qarşılaşmasına bənzəyir. Biz bu oyunda həmin ortabablardan idik.
- Sizin deməyinizdən belə çıxır ki, `Qəbələ` psixoloji cəhətdən bu oyuna məğlub çıxmışdı...
- Xeyr. Oyun öncəsi rəqibimiz bizdən 5 xal geridə idi, biz onlardan yox. Sadəcə biz başa düşürdük ki, rəqib çox güclüdü. Bizdə isə zədəlilərimizin çoxluğu bütün imkanlarımızdan yararlanmağımıza mane oldu.
- Mövsümə məğlubiyyətlərlə başla və sonda ili yenə məğlub başa vur. Bu, komandaya psixoloji cəhətdən necə təsir edir?
- Uğursuz startın ardından elə gözəl seriya əldə etməyimiz son dərəcədə gözəl idi. Əgər korladığımız mövsümün start dövrü olmasaydı, geridə qalan dövrü tam uğurlu hesab etmək olardı. Amma mən bütövlükdə çıxışımızdan razıyam. Ümid edirəm ki, bunun davamını gətirəcəyik.
- Gələn il təsnifat mərhələsi çərçivəsində keçiriləcək son 3 turla “altılıq”ların tərkibi müəyyənləşəcək. Sizcə, `Qəbələ` harda olacaq?
- Bizi 3 həlledici oyun gözləyir. Bizim məqsədimiz ilk altılığa düşməkdi. Qoy digər komandalar da düşünməsinlər ki, onları bizimlə asan oyunlar gözləyir. Biz mümkün qədər irəli getmək və turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmaq istəyirik.
- Çempionatın ilk hissəsində 7 qol vurdunuz ki, onların da üçü penaltidən sonra gerçəkləşib. Öz nəticənizdən razısınızmı?
- Əgər nəzərə alsaq ki, biz mövsümün yarısını artıq geridə qoymuşuq, nəticəni pis hesab edə bilmərəm. Ötən mövsüm mən İngiltərədə 14 qol vurmuşdum. İndi qarşıda bizi hələ heç də az olmayan marafon gözləyir, nəticəni özünüz çıxarın.
- Yarım illik karyeranızı keçirdiyiniz `Qəbələ`yə tam öyrəşə bilmisinizmi?
- Mənim üçün bütün çətinliklər geridə qalıb. Çətinliklərim ən çox birinci ayda oldu. Çünki həyatımda ilk dəfə üzləşdiyim məqamlar vardı. Düşünürəm ki, yarım ildən sonra fikirlərimi sizə məhs sizin dilinizdə çatdıra biləcəm. Futbol planında isə məni narahat edən yeganə məqam varsa, bu da qazonlarla bağlıdı.
