25 dekabr 2010 00:00
“XL-la `Qarabağ` arasındakı oyun 19 tur ərzində ən çox bəyəndiyim qarşılaşma oldu”
Premyer Liqada noyabr və dekabr ayları üçün ən yaxşı oyunçuların mükafatlandırılması mərasimində iştirak edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tədbirdə çıxışı zamanı bir sıra maraqlı fikirlər söyləyib. Azerisport.az xəbər verir ki, o, öncə mətbuatla münasibətlərə toxunub:
“Tədbirdə iştirak edən bütün media nümayəndələrinə minnətdarlığımı bildirirəm, hər tədbirimizdə iştirak edirsiniz. Bəzən aramızda soyuqluq yaranır, lakin, bu, mənim tərəfimdən olmur. Əgər iş varsa, tənqid də, tərif də olacaq. Tənqiddən nəticə çıxarmağı bacarmaq lazımdır. Premyer Liqanın səviyyəsinin ildən-ilə qalxmasında KİV nümayəndələrinin də rolu var. Ötən mövsüm bir sıra media nümayəndələri çempionatla bağlı öz təkliflərini bildirdilər, biz də bunları dəyərləndirdik. Futbolumuza sponsorlar gələndən sonra bir sıra bankların da futbola marağı artdı, təəssüf ki, media nümayəndələri bu məsələni lazımınca işıqlandırmır”.
Premyer Liqanın qış fasiləsi ərəfəsindəki son turunun `Xəzər Lənkəran` - `Qarabağ` görüşünə də toxunan Musayev sonda bunları söyləyib: “İldən-ilə həm də Premyer Liqamızın səviyyəsinin qalxması üçün çalışmalıyıq. Ötən tur `Xəzər Lənkəran` və `Qarabağ` klubları arasında baş tutmuş oyun 19 tur ərzində ən çox bəyəndiyim qarşılaşma oldu. Bir sıra şəxslər zəng edərək “Xəzər Lənkəran”ın stadionunu, azarkeşləri, möhtəşəm oyunu canlı izləmələrinə şərait yaratdığımız üçün minnətdarlıqlarını bildirdilər. “Xəzər Lənkəran” klubu futbolumuzda inkişaf olmadığını deyənlərə bunun əksini sübut etdi. Hər iki kluba belə gözəl oyuna görə təşəkkür edirəm”.
