25 dekabr 2010 11:57
Samir Əliyev: Millidə istənilən hücumçuyla rəqabət apara bilərəm
Zaqatalanın `Simurq` klubunun hücumçusu Samir Əliyev azerisport.az saytının suallarını cavablayıb.
- Jurnalistlərin seçimi barədə eşidəndə təəccübləndiniz?
- Düzünü deyəcəm, bəli. Axı adətən diqqət həmin futbolçulara yönəlir ki, komandası turnir cədvəlində liderlər qrupunda qərarlaşır.
- Sizə bu haqda nə vaxt məlumat verildi?
- MOİK-lə oyun gününün axşamı.
- Bu mükafat sizə nə vermiş oldu?
- Düşünürəm ki, bu, ilk növbədə mənim gücümdən xəbər verir. Baxmayaraq ki, karyeramı yaxın gələcəkdə bitirmək istəyirəm. Ancaq dostlarım və yaxınlarım məni fikrimdən daşındırırlar. Hesab edirəm ki, hələ futbolumuza fayda verə bilərəm.
- `Simurq`un hazırkı durumunu necə qiymətləndirirsiz?
- Zaqatalada əla komanda var. Təcrübəli futbolçular azdı, bununla əlaqədar turnir cədvəlində arzuolunmaz yerdəyik. `Simurq`dakı karyerama gəlincə, deməliyəm ki, çoxlu zədələr mənə mane olur.
- Əgər `Simurq` Premyer Liqadakı yerini qoruya bilməsə, siz bu komandada qalacaqsız?
- Deyə bilmərəm ki, qalacam. Ancaq hazırda mən komandamıza inanıram. Nə rəhbərlik, nə məşqçi, nə də oyunçular bu yoldan dönmək istəmir və hər şeyin yaxşı olacağına inanırıq.
- Milliyə qayıtmağı arzulamırsız?
- Əgər mən jurnalistlərin diqqətini çəkmişəmsə, Berti Foqtsun da yadına düşməliyəm. Mənim fikrim həmişə yığmanın yanında olub. Ola bilər ki, mənim fikizi hazırlığımda müəyyən problemlərim var, ancaq tez-tez oynasam, milliyə də kömək edə bilərəm. Özümü zəif hesab etmirəm. Millidə istənilən hücumçuyla rəqabət apara bilərəm. Qoy sadəcə mənə şans versinlər.
