25 dekabr 2010 00:40
Braziliyalı futbolçu qış fasiləsini ölkəmizdə keçirməyə qərar verdi (FOTO)
Premyer Liqanın 19-cu turunun `Qəbələ` – `Bakı` (0:1) oyunundan sonra paytaxt komandasının milliləşmiş braziliyalı yarımmüdafiəçisi Fabio Luis Ramım klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, milli komandamızın üzvü qış fasiləsini vətəni Braziliyada yox, Azərbaycanda keçirəcəyini qeyd edib:
“Düzü, bir az yorğunam. Yaxşıca istirahət etmək istəyirəm. Anamı və qızımı Braziliyadan bura gətirəcəm. Onlara Azərbaycanı göstərmək istəyirəm. Qış fasiləsində Braziliyaya getməyə lüzum görmürəm. Azərbaycan da mənim üçün doğma yerdir. Burada darıxmıram. Dincəlmək üçün Bakıdan yaxşı yer yoxdur”.
Fabio `Qəbələ` ilə oyundan da danışıb: “Çətin səfər oyununda qələbə qazandığımız üçün çox xoşbəxtəm. Biz çox yaxşı oyun nümayiş etdirdik, vuruşduq. Sona üç tur qalıb. Bu oyunlarda da əsas məqsədimiz maksimum xal toplamaqdı. Fasilədən istifadə edib daha da ciddi hazırlaşmalıyıq. İnanıram ki ilk altılığa düşəcəyik”.
