26 dekabr 2010 12:12
Alim Qurbanov: Bu oyun çempionluğun taleyini 70 faiz həll etmiş olacaq
`Xəzər Lənkəran`ın yarımmüdafiəçisi Alim Qurbanov azerisport.az saytına müsahibəsində Premyer Liqanın qış fasiləsinə qədərki dövrünü dəyərləndirib.
- `Qarabağ`a qarşı oyunu necə dəyərləndirərdiz?
- Maraqlı oyun oldu, indi hamı o qarşılaşmadan danışır. Biz 3 xal qazanmaq və liderliyimizi qorumaq istəyirdik. Ancaq məhz öz səhvlərimiz uduzduq. Bu, bizi çox üzdü.
- Komandanız harda səhvlər buraxdı?
- Müdafiədə problemlərimizin olması məlumdu. Həmçinin bir sıra futbolçularımızın da zədəsi var idi. Məsələn, meydanda olan Opara da yaxşı oyun sərgiləyə bilmədi. Çünki zədəsini yenicə bərpa etmişdi.
- Təsdiq edirsiz ki, bu oyundakı məğlubiyyətinizin əsas səbəbi elə `Qarabağ`ın özü idi?
- Əlbəttə. Mən çoxdan bu komandadan belə oyun görmürdüm. Sonuncu dəfə avrokuboklarda görmüşdüm. Xüsusilə Rauf Əliyevi qeyd etmək istərdim. O, `Qarabağ`ın heyətində ən yaxşı idi.
- Ola bilər ki, bu yolda əcnəbi futbolçuların oyuna artıq səfərə çıxmaq əhval-ruhiyyəsiylə çıxması da rol oynasın?
- Legionerlər baxımından bunu demək olar. Ola bilər ki, onlar da öz ölkələrinə zədələnmədən yollanmaq istəyirdilər. Biz erkən qol buraxdıq ki, hesabı bərabərləşdirməkdə də çətinliklərlə üzləşdik. Bundan sonra isə təhlükəli vəziyyətləri reallaşdırmaqda da problemlər yaranırdı. Fikrimcə, hakimin də səhvləri oldu.
- Siz, Allan Lalinin mübahisəli epizodunu nəzərdə tutursuz?
- Referinin orda da səhvi oldu, bizim oyunçuya simulyasiyaya görə sarı vərəqə göstərdi. Halbuki, o, özünü qazona atmamışdı. Fərhad Vəliyev topu əlindən buraxan epizodda da düzgün qərar qəbul etmədi.
- 4 legionerin yola salınmasını necə qarşıladınız? Hansı ki, onların içində Radomir Todorov da var...
- Mən Todorovun da siyahıda olduğunu, komandanı tərk edəcəyini eşidəndə çox təəccübləndim. Hesab edirəm ki, o, pis futbolçu deyildi.
- `Xəzər Lənkəran` cəmi iki tur əlində saxlaya bildiyi liderliyi əldən verdi. Bu, sizin qarşıdan gələn bayram əhval-ruhiyyənizi korladı?
- Şübhəsiz. Bir var bayramı lider kimi, yaxşı əhval-ruhiyyədə qeyd edəsən, bir də var, indiki kimi, ikinci pillədə. Ancaq hələ hər şey bitməyib. Baş məşqçimiz qış fasiləsi dövründə komandanı daha da gücləndirəcək, transferlər olacaq.
- `Xəzər Lənkəran`ın qış fasiləsindən sonra birinci `Neftçi`ylə oynayacaq. Rəqibi qabaqlamaq üçün əla fürsətiniz var...
- Fikrimcə, bu oyun çempionluğun taleyini 70 faiz həll etmiş olacaq. Bakıda qələbə qazanmaq lazımdı.
- İkinci dövrəni sizin aktivinizə yazmaq olarmı? Axı yenidən `Xəzər Lənkəran`ın əsas futbolçularından birinə çevrildiz...
- Özüm-özümə qiymət vermək istəmirəm. Buna məşqçi və azarkeşlər qərar verə bilər. Sadəcə onu deyə bilərəm ki, Ağasəlim Mircavadov mənə şans vermirdi, amma Mirça Rednik bunu yaradır.
