27 dekabr 2010 18:37
“İstəyirəm ki, `Fenerbahçe`yə keçidimdən `Neftçi` də fayda götürsün”
Türkiyənin `Fenerbahçe` klubuna rəsmən dəvət olunan `Neftçi`nin və Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadənin müsahibəsi
- `Fenerbahçe`yə keçidiniz nə dərəcədə realdır?
- Türkiyə klubunun nümayəndələri mənim çıxışlarımı millimizin və ölkə çempionatının oyunlarında izləyiblər. Onlar oyunumu bəyəndiklərindən, `Neftçi`yə müraciət ediblər. Hazırda iki klub arasında danışıqlar gedir. Hələ `Fənərbağça`ya keçidim 100 faiz dəqiq deyil.
- Bəs bunun üçün daha hansı işlər görülməlidir?
- `Fenerbahçe”nin təklifi `Neftçi` üçün sərfəli olsa, gedə bilərəm. İstəyirəm ki, klubum da bundan fayda götürsün.
- Aldığınız təklif nə dərəcədə ürəyinizcədi?
- Əlbəttə, arzuladığım təklif oldu. “Fenerbahçe”də oynamağı kim istəməz ki... Çox sevinirəm ki, mənə belə bir klubdan təklif gəlib.
- Türkiyə komandasının düşərgəsinə nə vaxt yollanacaqsınız?
- “Fener”i məni düşərgəsinə çağırdığı tarixi bilirəm. Amma deməyəcəyəm. Klubumla danışıqlar müsbət nəticələnəcəyi halda, Türkiyəyə gedəcəyim tarix açıqlanacaq. Hazırda isə `Neftçi` rəhbərliyi ilə danışıqlar gedir.
- Hər şey müsbət sonuclansa, qardaş ölkəyə gedişiniz nə vaxt reallaşa bilər?
- Yəqin ki, yeni ildən sonra gedə biləcəyəm. Amma hər şeyə yaxın günlərdə aydınlıq gələcək.
- Bu yaxınlarda `Neftçi` rəhbərliyi `Galatasaray`la əməkdaşlıq edəcəyini açıqladı. Amma `Galatasaray`dan yox, onun əsas rəqibindən dəvət almısınız...
- O başqa məsələ idi. Məşqçilərimizdən biri `Galatasaray`a icazəsiz yollandığı üçün `Neftçi` “sarı-qırmızılar”ın idman direktoru Adnan Sezgini Bakıya dəvət etmişdi. Həmin vaxt əməkdaşlığa dair danışıqlar da aparıldı. Düzdür, anlaşmaya əsasən, `Neftçi`nin bir neçə futbolçusunun “Cim-Bom”un düşərgəsinə göndərilməsi nəzərdə tutulmuşdu. Amma mən `Galatasaray`dan dəvət almamışam.
- “Fener”in əsas heyətinə dəvət almısınız?
- Əsas və ya əvəzedici heyət olduğunu deməyiblər. Yəqin ki, indidən əsas heyətə götürməzlər. Ola bilsin, əsas komanda ilə məşq edib əvəzedici heyətdə oynayacağam.
- `Neftçi`nin demək olar ki, əsas heyət oyunçusu sayılmırsınız. Bu halda daha səviyyəli komanda sayılan Türkiyə klubuna dəvət almağınızı sürpriz kimi qarşılamaq olar?
- `Neftçi` Azərbaycanın ən böyük komandasıdı. `Fenerbahçe” də böyük klubdu. Bu klubda çalışanlar uşaq deyillər. Əgər məni belə bir klubda görmək istəyirlərsə, demək, onlara lazımam. Hələ cəmi 18 yaşım var. Təbii ki, klub rəhbərliyi məndən dərhal fayda götürmək istəyində deyil. Keçidim alınsa, ən azı bir ildən sonra əsas komandada oynaya bilərəm. Alınmasa, məşqlərimi davam etdirərək, `Neftçi`yə faydalı olmağa çalışacağam.
- Premyer Liqada 2010-cu ilin son turlarında meydançada görünməməyiniz nə ilə əlaqədar idi?
- Noyabrın 28-də keçirilmiş `Qarabağ`la oyunun 29-cu dəqiqəsində zədələnmişdim. Ona görə də sonrakı görüşləri buraxmalı oldum. Amma indi vəziyyətim yaxşıdır. Kollektiv məşqlərə hazıram (lent.az).
