28 dekabr 2010 00:06
Superliqada növbəti baş məşqçi istefası
Hazırda qış fasiləsi yaranan Türkiyə Superliqasında növbəti baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, `Kasımpaşa` rəhbərliyi baş məşqçi Yılmaz Vural ilə yollarını ayırmaq məcburiyyətində qalıb.
Çılğın hərəkətləri ilə tanınan bu mütəxəssis istefasının səbəbini belə izah edib: “Dövrələrarası fasilədə 3-4 oyunçu almağımızın lazım olduğunu söylədim. Hətta onların adlarını da verdim. Ancaq rəhbərliyimiz, maddi çətinliklər səbəbilə 5 milyon lirə civarında olan bu transferləri gerçəkləşdirə bilməyəcəklərini bildirdi. Mən də belə vəziyyətdə qan dəyişikliyinə ehtiyac olduğunu düşündüyüm üçün belə qərar qəbul etdim”.
Klub rəhbərliyi də mətbuata açıqlamasında həqiqətən Vuralın bu tələblərini yerinə yetirmək iqtidarında olmadıqlarını təsdiqləyərək, sabiq məşqçilərinə xidmətlərinə görə təşəkkür edib, uğurlar arzulayıblar.
Hələlik nə `Kasımpaşa`nın yeni baş məşqçisinin kim olacağı, nə də Vuralın karyerasını hansı klubda davam etdirəcəyinə aydınlıq gəlib.
