29 dekabr 2010 01:24
“Kimlərsə məni `Qarabağ`ı buraxıb, XL-na getməyimə görə satqın hesab edə bilər”
`Xəzər Lənkəran` və `Qarabağ`ın sabiq baş məşqçisi Rasim Kara azerisport.az və “Zerkalo”ya müsahibə verib.
- Naci Şensoyun Azərbaycan çempionatına qayıdıb, yenidən `Turan`a rəhbərlik etməsindən xəbəriniz var?
- Xeyr, sizdən eşidirəm. Nə olar, ona uğurlar arzulayıram.
- Bəs siz indi nə ilə məşğulsunuz?
- Mən məşqçilik kurslarında Pro kateqoriyası üzrə müəllim işləyirəm. Məsələn, dərslərimə Hikmet Karaman, Ertoğrul Sağlam və Rıdvan Dilmen gəlir.
- Azərbaycanda görünə bilərsiniz?
- Əlbəttə, bu baş verə bilər. Ölkənizlə yaxşı əlaqələrim var. Gəlməməyə səbəb görmürəm. Kimlərsə məni `Qarabağ`ı qəfil buraxıb `Xəzər Lənkəran`a getməyimə görə satqın hesab edə bilər. Ancaq, bildiyiniz kimi, bu qərara klubun infrastrukturunun qurulması ilə əlaqədar məni aldatdıqlarını anlayıb gəlmişəm. Axı `Qarabağ`ın indiyə qədər nə bazası, nə də yeni stadionu var. Mən ağdamlılara xeyir gətirmiş Vaqif Cavadov, Maksim Medvedev, Rauf Əliyev kimi oyunçular yetişdirmişəm.
- 18 yaşlı Amid Quluzadə `Fenerbahçe`yə toplanışa yollanır. Necə düşünürsünüz, bu gəncin “sarı-lacivərdlilər”in baş məşqçisi Aykut Kocamanın diqqətini özünə yönəltmək üçün şansları var?
- Birincisi, sevinirəm ki, türk klubları azərbaycanlı futbolçuları izləməyə başlayıblar. Azərbaycanda çoxlu istedadlı yeniyetmə var. İkincisi, hər şey Quluzadədən asılıdı. Öz işi və əməyi ilə o, özünü məşqçilər qarşısında göstərməlidi. Səbirli olmaq və `Fenerbahçe` mühitinə alışmaq çox vacibdi. Bu, ölkənin böyük klubudu.
- Ümumiyyətlə azərbaycanlı özünü Türkiyədə necə və nə ilə göstərməlidi? Axı bizim ölkəmizin futbolu Avropa futbolundan çox geri qalır.
- İlk olaraq, əsas problem azərbaycanlı futbolçularda peşəkarlığın yoxluğundadı. Bu keyfiyyət üzərində işləmək lazımdı. İkinci, yüz faizə işləmək lazımdı. Əgər qeyd olunan bəndləri yerinə yetirsəniz, sonrası asan olacaq.
- Azərbaycanda Türkiyə üzərində qələbə futbolda ilin hadisəsi kimi qeyd olunur. Bu hal, onu şişirtməyə rəvac verir?
- Adətən belə də olur. Türkiyədə Azərbaycandan alınan məğlubiyyəti ağrılı qiymətləndirirlər. Axı indi çox şey digər oyunlardan asılıdı. Hamıya Azərbaycanın qrupda digər komandalarla öz meydanında necə oynayacağı maraqlıdı. Bu müstəvidə Türkiyədə qardaş yığmaya ümid edirlər. Sensasiya xarakterli istənilən qələbə və ya məğlubiyyət göylərə qaldırır. Bu artıq normaldı.
- Ancaq, əsası uğuru davam etdirməkdir, elə deyilmi?
- Sözsüz. Azərbaycan yığmasına ilk növbədə seçmə mərhələlərdə uğurla çıxış etmək və hər mərhələdə yuxarı qalxmaq gərəkdir. Biz Fatih Terimlə Türkiyəni komanda beşinci səbətdə olanda götürdük və birinci səbətə çatdırdıq. Azərbaycan da qalxmalıdı. Belçikaya çatmalı və ötməlidi.
