30 dekabr 2010 15:07
`Qarabağ` ən yaxşı futbolçusunu seçdi
Hər ilin sonunda `Qarabağ` Futbol Klubunun kollektivi ənənəvi olaraq özünün ən yaxşısını seçir. Azerisport.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, ənənəvi sorğu bu il də keçirilib.
Texniki heyətin iştirakı olmadan keçirilən sorğuda klubun direktorundan tutmuş operatora qədər hər kəs öz seçimini edib. Mövsüm ərzində `Qarabağ`ın formasını geyinmiş 26 futbolçuya 1-26-ya qədər hərəsi bir dəfə olmaqla səslər verilib. Artıq 3-cü il keçirilən seçimdə bu dəfə yeni qalib müəyyənləşib. Eyni zamanda ilin sadəcə 6 ayında forma geyinmiş futbilçuların qiyməti obyektivlik naminə 13 bala kimi qiymətləndirilib.
Klubdaxili səsəvermə zamanı Maksim Medvedev, Vaqif Cavadovdan sonra Rauf Əliyev 2010-cü ilin ən yaxşı oyunçusu seçilib. 21 yaşlı forvard 290 xal səs toplayaraq 2-ci yerdə qərarlaşmış Adamiyanı 11 səs qabaqlayıb. 2 müdafiəçi - Admir Teli və Maksim Medvedev eyni sayda 260 səs toplayıblar. Rəşad Sadiqov isə onlardan cəmi 4 səs toplyaraq 256 xalla kifayətlənib.
Xatırladaq ki, Rauf Əliyev 2010-cu ildə çempionatda 10 qol vurmaqla yanaşı, `Visla` üzərindəki 3:2-lik tarixi qələbə zamanı da qol vurmuşdu.
