30 dekabr 2010 15:16
Əmrah Çəlikəl: `Qarabağ` daha güclü olacaq
Bu il, azərbaycanlı futbolsevərlərin yaddaşında Avropa Liqasında üç tur adlamış `Qarabağ`ın həmin uğurları ilə yadda qaldı. Klubun icraçı direktoru, hazırda Türkiyədə olan Əmrah Çəlikəl 2010-cu ilin yekunları haqda azerisport.az və “Zerkalo”nun müxbirlərinə danışıb.
“İnanılmaz xallar itirməyimizə baxmayaraq biz ili demək olar ki, pis başa vurmadıq. İlk altılıqda yerimizi qoruya bildik. Bu gələcəyə nikbin baxmağa əsas verir”, deyə o, bildirib.
`Qarabağ`ın funksioneri klubunun çempionluğunu arzular çərçivəsində görür. Xatırladaq ki, ağdamlılar 33 xalla 5-ci pillədə qərarlaşıb və lider `Neftçi`dən 12 xal geri qalırlar: “Təbii ki, hər bir komanda qızıl medallar arzulayır. Ancaq turnir cədvəlində mövqeyimizi nəzərə alsaq, avrokuboklara çıxış komanda üçün uğurlu nəticə sayılacaq”, deyə Çəlikəl əlavə edib.
Başqa klublar kimi `Qarabağ` da qış fasiləsində bir neçə yeni oyunçu əldə etməyi planlaşdırır. Klub rəhbərliyi komandanı daha gücləndirmək niyyətindədi: “Bəli, biz güclənməyi planlaşdırırıq və transferlər həyata keçirəcəyik. Anlayırıq ki, bu bizim məşqçimiz Qurban Qurbanovdan asılıdı. O, komandada hansı mövqeləri gücləndirmək istədiyini müəyyən edəcək. Biz ona kömək etməyə çalışacağıq. `Qarabağ` indikindən daha da güclü olacaq”.
Bütün bunlara yanaşı Çəlikəl Azərbaycan çempionatının 19 görüşü arasında ən yaddaqalan oyunu qeyd edib: “Xəzər Lənkəran`a qarşı səfərdə keçirmiş olduğumuz oyun nəinki bizim klub, hətta Premyer Liqanın ilk hissəsi üçün ən parlaq oyunlardan biridir. Nə üçün hər görüşdə belə oynamırıq? Gəlin buna başqa müstəvidən baxaq. Əsas odu ki, biz belə futbol göstərə bilirik”, deyə o, fikirlərini yekunlaşdırıb.
