30 dekabr 2010 15:32
Cari mövsümün ən kobud oyunçuları: Nasimov və Parks öncüllər sırasında
Azerisport.az qış fasiləsi yaranmış Azərbaycan Premyer Liqasının geridə qalan dövrü ilə bağlı statistik araşdırmalarını davam etdirir. Bu dəfə elita klublarında top qovan futbolçular arasında daha çox kobudluğu ilə seçilən futbolçulardan söhbət açacağıq.
Şübhəsiz ki, bu baxımdan ilk növbədə qırmızı vərəqə alan oyunçuların siyahısına diqqət yetirmək heç də pis olmazdı. Meydandan qovulan futbolçularının sayına görə bütün rəqiblərini qabaqlayan `Bakı`da 6 belə futbolçu var - Emin Cəfərquliyev, Xalidu Sissoko, İbrahim Karqbo, Jaba, Vadim Borets və Əziz Quliyev. Lakin sonuncu eyni aqibəti iki dəfə yaşamasıyla nəinki öz komandasında hər kəsdən fərqlənir, həm də cari mövsümün “rekordçusudu”.
Bu tipli kobud oyunçulara sahib digər elita təmsilçisi isə MOİK-di. Hansı ki, heyətində cari mövsüm meydandan qovulmuş 5 oyunçusu var. `Gəncə` və `Qəbələ`nin hərəyə 2 belə oyunçusu olduğu halda, AZAL, `Turan`, `Simurq` və `Muğan`ın cəmi 1 dəfə futbolçusunun meydandan qovulmasına təəssüflənib.
Bütövlükdə sarı vərəqələr üzrə diqqət yetirdikdə isə, `qırmızı` almamasına rəğmən, bütün komandaların öz kobud futbolçularının olduğunu görərik. Elə Premyer Liqanın ən kobud komandası olan `Bakı`nın heyətində Əziz Quliyev, Junior Osvaldo, İbrahim Karqbo, Vadim Borets hamısı 5 dəfə kobud oyuna görə sarı hakim tərəfindən xəbərdarlıq alıb. Lakin Əzizin 2, Karqbo və Boretsin hərəyə 1 qırmızı vərəqəsinin də olduğunu nəzərə alsaq, deməli paytaxt klubunun əsas kobud oyunçuları kimi məhz bunları göstərmək olar.
Cari mövsümün `Bakı`dan sonra əsas kobud komandası hesab olunan `Muğan`da isə 8 sarı vərəqə almış Ekrem Hodziç diqqət çəkir. MOİK-də isə ondan cəmi 1 vərəqə az almış Emil Paşayev komandasının ən kobud oyunçusudu.
Cari mövsümün rekord sayda vərəqə alan oyunçusu isə `Gəncə`nin heyətində yer alır. Bu, 19 tur ərzində düz 9 dəfə `sarı`ya qonaq edilən gürcüstanlı futbolçu Zura Dzamsaşvilidi. Maraqlıdı ki, ötən mövsümün ən kobud oyunçusu olmuş Ramal Hüseynov da komanda yoldaşından cəmi 1 vərəqə az alıb.
`Simurq`un ən kobud futbolçusu olan Elnur Abbasovun hesabında 5 sarı vərəqə varsa, cari mövsümün ən centlmen komandası olan `Qarabağ`da ən kobud hesab oluna biləcək futbolçular Rəşad Sadiqovla Devran Ayhandı ki, onların da hər ikisinin hesabında 3 xəbərdarlıq var. Yerdə qalan bütün komandaların ən kobud futbolçuları isə 4 vərəqə almasıyla bu ünvana sahib çıxıb.
`İnter`də Bronislav Çervenkayla Aleksandr Çertoqanov komandanın ən kobud futbolçusudu ki, onların da dayaq yarımmüdafiəçisi kimi daha çox dağıdıcı funksiyanı yerinə yetirməsi buna şərait yaradır. `Qəbələ`də də Yaşar Abuzərov, Abdulkader Kamara, Razvan Tarlea, Qoqa Beraya orta sahə oyunçuları olduğundan, bunu hardasa başa düşmək olar. Lakin komandanın əsas qol silahlarından olan Deon Bartonun da kobudluğuna görə bu oyundaşlarından fərqlənməməsi az maraq doğurmur.
Bu tendensiyaya digər klublarımızda da rast gəlmək olur. Məsələn, lider `Neftçi`nin vurduğu qollarla Premyer Liqamızın bombardirlər yarışına rəhbərlik edən futbolçusu Bahodir Nasimov hücumçu olsa da, da müdafiəçi Ruslan Abışovla eyni sayda sarı vərəqə alıb. Paytaxt klubunun çempionluq uğrunda əsas rəqiblərindən olan `Xəzər Lənkəran`dan da oxşar hala rast gəlmək olur. Komandanın hücumçusu Uinston Parks Stelian Stankuyla eyni sayda xəbərdarlıq alıb.
AZAL-da isə Zohair Benuahi ilə Viktor İbekoyinin Elvin Əliyev qədər kobud olması diqqətçəkən məqamlardandısa, autsayderlər qrupunda qərarlaşan `Turan`da da gənc gürcü hücumçu Georgi Çediyanın əsas işinin qol vurmaq, yoxsa kobudluqla məşğul olmaq olduğunu ayırd etmək çətindi.
Bütün qırmızı vərəqələr:
Bakı – 7 (Əziz Quliyev – 2, Emin Cəfərquliyev, Xalidu Sissoko, İbrahim Karqbo, Jaba, Vadim Borets).
MOİK – 5 (Nuran Qurbanov, Fərid Həşimzadə, Davud Kərimi, Amiran Qventsadze, Elçin Həşimov)
Gəncə - 2 (Rafael Əmirbəyov, Mətləb Məmmədov)
Qəbələ - 2 (Milan Antiç, Lyuba Baranin)
AZAL – 1 (Vüsal Qarayev)
Turan – 1 (Romuald Onana)
Simurq –1 (Rasim Ramaldanov)
Muğan – 1 (Cavad Mirzəyev)
Klublarımızın ən çox sarı vərəqə alan futbolçuları:
Bakı (cəmi 45 sarı vərəqə)
Əziz Quliyev (5)
Junior Osvaldo (5)
İbrahim Karqbo (5)
Vadim Borets (5)
Muğan (43)
Ekrem Hodziç (8)
MOİK (42)
Emil Paşayev (7)
Gəncə (40)
Zura Dzamsaşvili (9)
Ramal Hüseynov (8)
İnter (36)
Bronislav Çervenka (4)
Aleksandr Çertoqanov (4)
Qəbələ (37)
Yaşar Abuzərov (4)
Deon Barton (4)
Abdulkader Kamara (4)
Razvan Tarlea (4)
Qoqa Beraya (4)
Simurq (35)
Elnur Abbasov (5)
Neftçi (33)
Ruslan Abışov (4)
Bahodir Nasimov (4)
Xəzər Lənkəran (32)
Uinston Parks (4)
Stelian Stanku (4)
AZAL (31)
Zohair Benuahi (4)
Elvin Əliyev (4)
Viktor İbekoyi (4)
Turan (25)
Georgi Çediya (4)
Qarabağ (19)
Rəşad Sadiqov (3)
Devran Ayhan (3)
