30 dekabr 2010 16:34
Hədəfi `Manchester United` olan futbolçu Azərbaycan klubunda (FOTO)
Türkiyənin “Radikal” nəşri bu gün maraqlı yazı dərc edib. Azerisport.az xəbər verir ki, yazıda qardaş ölkəyə gəlib, özlərinə klub axtaran afrikalı futbolçuların düşərgəsindən hazırlanan reportaj təqdim olunub.
Yazıda onların həyat tərzindən söhbət açan həmkarımız bildirib ki, bir neçə afrikalı futbolçu İstanbulun məhəllələrindən birində menecer Erol Özbekin rəhbərliyi altında yaşayaraq, özləri üçün klub axtarırlar. Formada qalmaq üçün hər gün xüsusi meydançada məşq edən bu oyunçulardan bəziləri yaşamaq üçün işləyir, bəziləri isə ailələrindən gələn pulla gününü keçirir və hansısa klubun onları transfer edəcəyi günü gözləyirlər.
Bizlər üçün ən diqqətçəkən məqam isə məhz bu futbolçulardan birinin Premyer Liqamızın iştirakçılarından biri ilə anlaşdığını deməsi, daha birinin isə ölkəmizi bəyənməməsini iddia etməsidi. “Diami” ləqəbli 18 yaşlı nigeriyalı Bolanle Bamaqblu vaxtilə Cənubi Afrikada `Shooting Stars` və `Mamelodi Sundows` klublarının formasını geyib. Ardından Türkiyəyə gələn, qardaş ölkə çempionatında at oynadan Emenike və Aqbetunu yaxından tanıyan bu futbolçu hədəfinin `Manchester United`də top qovmaq olduğunu deyir. Lakin hazıırda Bank Asiya birinci liqada da top qovmağa hazır olduğunu deyən Diami yanvarda məhz Azərbaycan klublarından biriylə anlaşacağını söyləyib.
Onun 21 yaşlı həmyerlisi Emmanuel İrede isə ölkəmizə gəlməkdə maraqlı deyil. Nigeriya çempionatında `Airforce`da forma geymiş oyunçuya klublarımızdan təklif olsa da, jurnalist həmkarımıza cavabı diqqət çəkir: “İstanbul daha gözəldi, neynirəm Azərbaycanı”?
