31 dekabr 2010 02:41
Millimizin rəqibi Berti Foqtsun komandasında (FOTO)
AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Avstriya yığmasının müdafiəçisi Martin Ştranzl bundan sonra karyerasını Almaniya Bundesliqasında davam etdirəcək. Azerisport.az xəbər verir ki, futbolçu şərəfini qoruduğu Moskva `Spartak`ını Münhenqladbax `Borussia`sına dəyişməyə qərar verib.
Artıq o, yeni klubuyla 3 il yarımlıq müqavilə də bağlayıb. Son 5 mövsümü `Spartak`ın heyətində 130 görüşdə 3 qol vuran Ştranzl 2006, 2007 və 2009-cu illərdə bu komandayla gümüş mükafata sahib olub. Onun yeni komandası (həm də millimizin baş məşqçisi Berti Foqtsun keçmiş komandası) `Borussia` isə cari mövsüm heç də uğurlu çıxış etmir və hazırda qış fasiləsində olan Bundesliqanı 17 turdan sonra 10 xalla sonuncu yerdə qapayır.
Ştranzlın `Spartak`a qədər Bundesliqa təcrübəsinin olduğunu da vurğulayaq. O, `München-1860` və `Stuttgart`ın şərəfini qoruyub. Avstriya yığmasında 56 oyuna 3 qol vurub.
