2 yanvar 2011 13:28
Bekhem yeni klubunun adını açıqladı
`Tottenham`in baş məşqçisi Harri Redknapp, ABŞ-ın `Los Angeles Galaxy` klubunda forma geyən Devid Bekhemin icarə əsasında komandasında forma geymək istəməsi haqda gözlənilməz açıqlama verib. Azerisport.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının `Fulham` üzərində minimal hesabla qələbə qazandığı görüşdən sonra jurnalistlər üçün keçirdiyi mətbuat konfransında şok açıqlamayla çıxış edib: “Bekhem mənə bura gəlib `Tottenham`də oynamaq istədiyini söylədi. Mən dərhal bu haqda klubumuzun rəhbərliyini xəbərdar etdim və onlardan bu işlə məşğul olmalarını xahiş etdim. Ümid edirəm ki, ABŞ klubuyla müvafiq razılığa gələ biləcəyik”.
Maraq üçün qeyd edək ki, ABŞ çempionatında yeni mövsüm martın 15-də başlayacaq. Məhz bu üzdən ingilis yarımmüdafiəçi daha öncə buna bənzər şəkildə icarə əsasında 2009 və 2010-cu illərdə `Milan`da forma geymişdi. Lakin bir diqqətçəkən məqam da ondan ibarətdi ki, 35 yaşlı futbolçu 2010-cu ildə keçrilən dünya çempionatında iştirak edə bilməməsinin ardından bir daha hansısa klubda icarə əsasında çıxış etmək istəmədiyini açıqlamışdı. 115 dəfə milli komandanın formasını geymiş Bekhemə daha öncə `Everton`dan da oxşar təklif gəlmiş, lakin o, bunu qəbul etməmişdi.
