3 yanvar 2011 02:38
Ramiz Məmmədov: `Atırau`da köməkçilərim də azərbaycanlı məşqçilər olacaq
`Qəbələ`nin sabiq baş məşqçisi Ramiz Məmmədov bundan sonra Qazaxıstanın `Atırau` klubunu çalışdıracaq. Bu münasibətlə gənc mütəxəssis azerisport.az saytının suallarını cavablandırıb.
- `Atırau` varıantı necə yarandı?
- Klub rəhbərliyi iki ay idi ki, mənimlə danışıqlar aparırdı. Bir neçə gün öncə mən Qazaxıstanda oldum, klubun bazasıyla tanış oldum və hər şey xoşuma gəldi. Mən öz şərtlərimi açıqladım və biz klub rəhbərliyi ilə ümumi dil tapa bildik.
- Sizin qarşınıza hansı məqsədlər qoydular?
- Rəhbərlik `Atırau`nu ən yüksək yerlərdə görmək istəyir. Mən də onların bu fikirlərini aydınlaşdırmağa çalışdım. Çünki bizim işimiz başqa cür alınmır. Komandanı çempionatın mükafatçıları arasına çıxarmalıyam. Ümumiyyətlə, mən komandanın Avropa Liqasında təmsil olunmasına çalışacam. Başlıcası bizim avrokuboklara düşməyimizdi.
- Siz yəqin ki, `Qəbələ` rəhbərliyi ilə də danışdınız...
- Təbii ki. Mən fürsətdən istifadə edib, klubun prezidenti Tale Heydərova da minnətdarlığımı bildirmək istəyirəm ki, komandadan gedişimə şərait yaratdı.
- Sizin yeni klubunuzla müqavilənizin müddəti nə qədər olacaq?
- Müqavilə 1+1 sistemi üzrə bağlanılacaq. Ancaq sonra müddətin artırılması da mümkündü. Bütün futbolçu transferləri ilə də özüm məşğul olacam. Köməkçilərim də azərbaycanlı olacaq. Ancaq hələlik onların adlarını açıqlamaq istəmirəm.
- Bəs Qazaxıstan çempionatında azərbaycanlı futbolçuları görə biləcəyik?
- Klubun yeniləriylə bağlı mən `Atırau` rəhbərliyi ilə həftəsonu danışacam. Konkret olaraq, söhbət iki nəfərdən gedir.
- Şəhər sizin yadınızda nə ilə qaldı?
- O, elə də böyük deyil. Cəmi 300 min əhali yaşayır. Bizim yerlilərimiz də var. Stadionu rahatdı, 10 min azarkeş tutumuna malikdi. Şəhər nəyəsə görə mənə elə Mingəçeviri xatırladır. Son mövsümdə `Atırau` ölkə kubokunu qazanıb və çempionatda 5-ci yeri tutub.
- Qazaxıstan və Azərbaycan yığmaları AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində rəqibdi...
- Məncə hər iki komanda elə eyni gücdədi, hər ikisinə uğurlar arzulayıram. Fikrimcə maraqlı oyunların şahidi olacağıq.
