4 yanvar 2011 14:25
“Şadam ki, o, Azərbaycan çempionatının bombardiridi”
Azərbaycanın `Neftçi` klubunun və Özbəkistan yığmasının hücumçusu Bahodir Nasimovun hazırkı durumu bu ölkənin futbol ictimaiyyətinin diqqət mərkəzindədi. Azerisport.az xəbər verir ki, Premyer Liqamızın bombardiri olan Bahodir özbəklərin Dubaydakı təlim-məşq toplanışı zamanı zədələnərək, Asiya Kubokunda iştirak etməkdən məhrum olub. Təbii ki, özbəklər üçün bu, çox böyük itki hesab olunur.
Qeyd edək ki, Nasimovun itkisinə görə bir sıra azarkeşlər baş məşqçini günahlandırır. Bahodir özü isə zədəsi haqda danışarkən, bunları söyləyib: “Mən topa zərbə vurmaq istərkən zədələndim. Əfsuslar olsun ki, Qətərə gedə bilməyəcəm. Yığmamızın oyunlarına Özbəkistanda televizordan baxmalı olacam. Ancaq zədələnməsəydim, mən dəqiq 23 nəfərlik heyətdə yer alacaqdım. Çox istəyirdim ki, Asiya Kubokunda iştirak edim və komandaya köməyim dəysin”.
Bahodir Nasomovun zədəsi haqda Özbəkistan yığmasının sabiq baş məşqçisi, hazırda `Soqdiana` klubunu çalışdıran Rauf İnileyevin də fikirlərinə yer verilib: “Mən Nasimovu yaxşı tanıyıram. Mən hələ o, gənclərdən ibarət yığmaya çağırılanda, Bahodiri əsas komandaya namizəd hesab edirdim. Sonra həqiqətən də biz onu milliyə dəvət etdik. Həmin vaxt Bahodir necə perspektivli futbolçu olduğunu bir daha isbatladı. Mən çox şadam ki, o, indi Azərbaycan çempionatının bombardiridi”.
“Mən ürəkdən inanıram ki, Bahodir hələ öz imkanlarından tam şəkildə istifadə edə bilməyib. Biz hamımız istərdik ki, Bahodir Asiya Kubokunda komandamıza kömək etsin, lakin zədə buna imkan vermədi. Ancaq o, hələ yenə Özbəkistan yığmasına çağırılacaq. Ona görə ki, Nasimov təkcə yaxşı gələcək vəd edən futbolçu yox, həm də öz işinə tam peşəkar şəkildə yanaşan bir oyunçudu” – deyə İnileyev vurğulayıb. Maraq üçün qeyd edək ki, bu mütəxəssis 2007-ci ildə Asiyanın ən yaxşı məşqçisi seçilib.
