4 yanvar 2011 16:18
“Azərbaycan millisində çıxış etmək mən tərəfdən ağılsızlıq olardı”
İsveçin `Malmö` klubunun Azərbaycan əsilli futbolçusu Jiloan Hamad ölkəmizin millisində oynamaq təklifi aldığını təsdiqləyib. Azerisport.az xəbər verir ki, o, bu haqda İsveç mətbuatına müsahibəsində bildirib ki, bir müddət əvvəl yığmamızın baş məşqçisi Berti Foqts və AFFA rəsmilərindən biri onunla danışıq aparıb.
Artıq İsveçin əsas milli komandasından aldığı dəvəti qəbul edən Hamad Bakıda doğulsa da, Azərbaycan haqda çox az bilgiyə malik olduğunu söyləyib: “Mən bura gələndən sonra Azərbaycana qayıtmağın marağında olmamışam. İndiyədək heç yerdə demədiyim açıqlamanı vermək istəyirəm. Mənə Azərbaycan milli komandasında oynamaq üçün bir neçə dəfə təklif gəlib. Soruşdular ki, bizim komandada oynamaq istəyirsən? Cavab verdim ki, mən özümü isveçli hesab edirəm və məhz bu ölkənin millisində oynamaq arzusundayam”.
Hamad daha sonra milllimizin çalışdırıcısı Berti Foqtsla söhbəti barədə danışıb: “Foqtsun böyük idmançı olduğunu bilirəm. O, məni Azərbaycan millisinə dəvət etdi. Ancaq mən öz dururumu ona izah etdim. Dedim ki, artıq İsveçin U-21 komandasında oynamışam və bundan sonra risk edib Azərbaycan millisində çıxış etmək mən tərəfdən ağılsızlıq olardı. Əgər mən Azərbaycan millisində oynasaydım, o zaman İsveç yığmasının qapıları mənim üzümə bağlanacaqdı. Foqts məni anlayışla qarşıladığını dedi. Amma qeyd etdi ki, əgər fikrimi dəyişsəm, mütləq xəbər edim» - deyə J.Hamad bildirib.
