5 yanvar 2011 14:02
Yığmamızın sabiq üzvü klubundan pulunu məhkəmə yoluyla aldı
Millimizin keçmiş üzvü İlqar Qurbanovun Türkiyənin Bank Asiya birinci liqa klublarından olan `Mersin İdman Yurdu` ilə yollarını ayırmasının əsas səbəbi müəyyənləşib. Azerisport.az xəbər verir ki, futbolçuyla artıq keçmiş klubu olan Mersin təmsilçisi arasındakı münasibətlərin pozulmasına onun klubdan maaşını ala bilməməsi səbəb olub.
Belə ki, iki ayın pulunu heç cür ala bilməyən İlqar məhz bu üzdən `Mersin İdman Yurdu`nu məhkəməyə verib. Məhkəmə isə, həmyerlimizin lehinə müsbət qərar çıxarıb.
“Onlar ürəkləri nə vaxt istəyirdi, onda pul verirdilər. Məni isə belə vəziyyət qətiyyən qane etmirdi” – deyə həmyerlimiz keçmiş klubuyla münasibətlərindən danışarkən qeyd edib. İlqar məhkəmə yolu ilə bütün puluna sahib çıxdığı kimi, azad agent statusu almağa da nail olub. İndi Qurbanov rahatca özü üçün yeni klub axtarışlarını rahatca davam etdirə bilər.
Qeyd edək ki, İlqar Qurbanov Türkiyə klubuna ötən ilin yayında, millimizin digər sabiq üzvü Ernani Pereyra ilə birgə keçmişdi. Ernani karyerasını bu klubda davam etdirməyə qərar versə də, İlqarın gələcək karyerası hələ də sual altındadı.
