5 yanvar 2011 15:26
İlqar Qurbanov: Vaqif Cavadov çoxlarından inciyib
Millimizin sabiq üzvü İlqar Qurbanov azerisport.az və “Zerkalo”ya müsahibəsində Türkiyənin `Mersin İdman Yurdu` klubundan ayrılması və gələcək planları haqda danışıb.
- Dekabrın ortalarında Bakıya qayıtdım. Mənim bir az məhkəməylə bağlı işim vardı. Onlar mənim iki ay idi ki, pulumu vermirdilər deyə, mən də klubu məhkəməyə vermək məcburiyyətində qalmışdım. Bu mənim kimi digər futbolçuların da ürəyincə deyildi. Xoşbəxtlikdən məhkəmə prosesi qələbəmizlə başa çatdı. Bütün pulumu verməklə yanaşı, azad agent statusu da verdilər.
- Niyə `Mersin İdman Yurdu`nda oynaya bilmədiniz ki?
- Hər şey çox yaxşı başlamışdı. Komandayla birgə təlim-məşq toplanışında oldum, yoldaşlıq görüşlərində forma geydim. Ancaq sonradan problemlər yaranmağa başladı. Görünürdü ki, yerli media və azarkeşlər kluba ciddi şəkildə təzyiq göstərir. Orda əsl “бардак” hökm sürürdü, pulu nə vaxt istəyirdilər, onda da verirdilər. Bu və başqa eybəcərlikləri görəndən sonra qərar verdim ki, burdan uzaqlaşmaq lazımdı. Məhkəməyə getdim və azad agent statusu aldım.
- Bəs indi nə etmək fikriniz var?
- Hazırda menecerim mənə yeni klub axtarır. Hələlik konkret heç nə yoxdu.
- Ola bilər ki, Azərbaycan çempionatına qayıdasan?
- Yaxşı təklif olsa, məmnuniyyətlə qayıdaram. Mənə elə klub lazımdı ki, qarşısına müəyyən məqsəd qoymuş olsun.
- Niyə siz yer aldığınız klublarda sabit oyun sərgiləyə bilmirsiz?
- Mən də bu haqda düşünürəm. Özüm də təəccüblənirəm ki, məndə niyə hər şey belə alınır? Əgər mən ilyarım hansısa klubda daimi oynaya bilsəm, nəinki öz formamı tam bərpa edərdim, hətta daha da yaxşı çıxış edərdim. Sadəcə bəzi amillər mənə mane olur.
- Məsələn...
- Adətən Türkiyənin birinci liqasında çıxış edən klublar futbolçularla bir illik müqavilə imzalayırlar Çox futbolçu müqaviləsində belə bir bənd qoydurur ki, əgər klub aşağı liqaya düşsə, o zaman azad agent statusu alsın. Amma qarşısına ciddi məqsəd qoyan klublar da tez-tez heyətlərini dəyişirlər. Mən artıq menecerimlə danışmışam ki, yeni klub axtarsın.
- Vaqif Cavadovla əlaqə saxlayırsınızmı?
- Əlbəttə. Mən hər dəfə gələndə bir yerdə oluruq, hər gün söhbətləşirik.
- Onun da işləri alınmadı. `Twente`ni tərk edib, `Bakı`ya keçdi.
- Onun sadəcə bəxti gətirmədi. Hollandiyada zədə aldı ki, bu da hər şeyi korladı. Belə zədədən sonra oynamaq, formanı bərpa etmək heç də asan olmur.
- O, mətbuatla əlaqələrini kəsib. Vaqif küsübmü?
- Elədi ki, var. Onun haqda bəziləri xoşagəlməz şeylər yazdılar. Şübhəsiz o da belələrindən inciyib. Mənim haqqımda da çox şeylər yazırlar ki, guya klub məni qovubdu. Heç öyrənməyə, dəqiqləşdirməyə də çalışmırlar. Bütün bunlara diqqət verməməyə çalışıram. Sadəcə öz oyunumla sübut etmək istəyirəm ki, İlqar Qurbanovu nahaq yerə siyahıdan silirsiniz. Mən hələ öz sözümü meydanda deyəcəm.
