6 yanvar 2011 02:26
“Onun ünvanıma səsləndirdiyi fikirlərin heç birinə önəm vermirdim”
Azərbaycan yığmasının və Rusiyanın `Anji` klubunun müdafiəçisi Mahir Şükürov azerisport.az və “Zerkalo”ya müsahibəsində ötən illə bağlı düşüncələrini bölüşüb, millimizin qarşıdan gələn Belçikayla oyunu haqda fikirlərini dilə gətirib.
- İstirahət dövrünüzü necə keçirdiniz?
- Yaxşı. Yaxınlarıma, doğmalarıma baş çəkdim. Hansı ki, buna elə də vaxt tapa bilmirdim.
- Yeni İli harda qeyd etdiniz?
- Bakıda.
- Dubaya və ya Parisə getməyi arzulamadınız?
- Ən yaxşısı evdə oturmaq, ailənin əhatəsində keçirməkdi.
- `Anji`nin düşərgəsinə nə vaxt qayıdırsınız?
- Yanvarın 7-də bizim təlim-məşq toplanışımız başlayır. Yeni mövsümün ilk hazırlıq mərhələsinə başlayacağıq.
- Yanvarın sonunda yığma komandamızın Dubayda təlim-məqş toplanışı başlayacaq. Kollektivə nə vaxt qoşulacaqsız?
- Güman ki, ilk günlərdən qoşula bilməyəcəm. Yığmanın düşərgəsinə fevralın 6-da yollanacam.
- 2010-cu ildən razı qaldınız?
- Bəli. Şükür Allaha ki, mənim üçün hər şey yaxşı alındı. Yığmanın heyətində ən çox oyun keçirən futbolçu oldum, həmçinin klubumda da işlərim pis alınmadı. Düzdü, zədəm olmasaydı, daha yaxşı da ola bilərdi. Ancaq təəssüflənmək istəmirəm.
- Ötən il sizin üçün daha çox nə ilə yadda qalan oldu?
- Unudulmaz iki olay oldu ki, bunlardan birincisi mənim `Anji`yə keçidim idi. Hansı ki, indi orda xoşbəxt olduğumu deyə bilərəm. İkincisi isə Türkiyə üzərində qazandığımız qələbə. Yığmamız bu qələbəni qazanmağa layiq idi.
- `Anji`də heç də isti münasibətlərə malik olmadığınız Andrey Qusinin gedişinə münasibətiniz...
- Nə deyə bilərəm ki? Biz onunla heç də xoş münasibətdə deyildik. Amma həqiqi sözümdü ki, onun ünvanıma səsləndirdiyi fikirlərin heç birinə önəm vermirdim.
- Ancaq bu məsələ hələ də qaranlıq qalır. Axı Qusin sənin ünvanına mətbuatda niyə elə mənfi fikirlər söyləyirdi ki?
- Hər şey milliylə birgə Almaniyada Kölndəki 1:6 hesablı məğlubiyyətimizdən sonra başladı. Baş məşqçi Hacı Hacıyevdən mənə vaxt verməsini xahiş etdim ki, ağır məğlubiyyətdən sonra özümə gəlim. Düzdü, elə çıxdı ki, guya öncə demişəm ki, mənə qısa istirahət verilsin. Axı həmin vaxt Bakıya gəldim, qısa zamanda da Dağıstana yollandım. Hacıyevlə heç bir problemim yox idi. Amma Qusinin xoşuna gəlməmişdi ki, mən bu haqda məşqçilər korpusuna yox, öncə mətbuata açıqlama vermişəm.
- Onda siz Qusinin `Anji`dən gedişinə sevinirsiz?
- Məsələ burasındadı ki, Qusindən təkcə mən yox, digər futbolçuların da əksəri narazı idi. Odu ki, komandada çoxlarının onun gedişinə sevindiyini düşünürəm.
- Türkiyə üzərindəki qələbədən sonra hamı Azərbaycan yığmasından yeni uğurlar gözləyir. Bu, yaxınlaşan Belçika ilə oyunda mümkün olacaqmı?
- Bu, futboldu, heç kim öncədən nəsə dəqiq bir söz deyə bilməz. Ancaq realist olmaq lazımdı, qrupumuzda çox çətin rəqiblər var. Əgər Belçika Rusiya üzərində səfərdə qələbə qazanırsa, nədən danışırıq? Aydındı ki, bizə bu komandayla oyunda çox çətin olacaq. Ancaq hamımıza öz üzərimizdə çox işləmək və Dubay toplanışında yaxşı işləmək lazımdı.
