6 yanvar 2011 01:19
`Bakı`nı peşman edən futbolçu Məmmədovun komandasında
Azərbaycanlı baş məşqçi Ramiz Məmmədovun çalışdırdığı Qazaxıstanın `Atırau` klubu Türkiyənin Antalya şəhərindəki hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandasının düşərgəsinə artıq iki əcnəbi futbolçu da baxışa gəlib.
Məmmədovun etimadını qazanmaq istəyənlərdən biri bolqar müdafiəçi Boyan İliyevdi. 1982-ci ildə anadan olan bu futbolçu ölkəsinin Varna şəhərini təmsil edən `Spartak`dan baxışda gəlib.
Baxışa gələn digər futbolçu isə Yunanıstan və Litva çempionatlarında da təcrübə toplamış makedoniyalı hücumçu Svetan Çurlinovdu. 1986 təvəllüdlü bu futbolçu isə Turnovo `Horizont`undan baxışa gəlib. Qeyd edək ki, Çurlinov Azərbaycan çempionatında da çıxış edib. Lakin onun ölkəmizdən gedişi qalmaqalla yadda qalıb.
Çünki o vaxt `Bakı`nın transfer etdiyi bu gənc oyunçu baş məşqçi olan həmyerlisi Qyoko Haciyevskini çətin vəziyyətdə qoymuşdu. 2008-ci ildə Makedoniyanın U-21 yığmasına çağırılan və bu səbəbdən ölkəsinə gedən Çurlinov bir daha Bakıya qayıtmadı. Paytaxt klubunun rəhbərliyi ona görə hətta beynəlxalq futbol qurumlarına da müraciət etməsinə rəğmən, heç nəyə nail ola bilmədi və sonda makedoniyalıyla müqaviləsini qarşılıqlı şəkildə pozmalı oldu.
