6 yanvar 2011 02:56
ŞOK: `Beşiktaş`ın futbolçusu `Sparta`yla icazəsiz müqavilə bağlayıb
Dünən Türkiyənin `Beşiktaş` klubunun çexiyalı müdafiəçisi Tomas Zapotoçnının ölkəsinin `Sparta` (Praqa) komandasıyla müqavilə bağladığını xəbər vermişdik. Lakin maraqlıdı ki, dünən axşam saatlarında İstanbul klubunun rəsmi saytı vasitəsilə hamını təəccübləndirən informasiya yayılıb.
Həmin xəbərdə “Zapo”nun Praqa klubuyla müqavilə bağladığı haqda informasiyalar bir növ təkzib olunub: “05.01.2010 tarixində bəzi media orqanlarında futbolçumuz Tomas Zapotoçnının `Sparta` klubuyla sözləşmə imzaladığına dair xəbərlər yer almaqdadı. Futbolçumuz tətil səbəbiylə ölkə xaricində olub, özündən, ya da `Praqa` klubundan transferi ilə bağlı şirkətimizə daxil olan heç bir bildiriş yoxdu”.
Lakin maraq üçün bildirək ki, `Sparta`nın rəsmi saytı hələ dünən səhər saatlarından etibarən Zapotoçnı ilə 3.5 illik müqavilə bağladıqlarını rəsmən bəyan etmişdi. Hətta Tomas klubun saytına verdiyi açıqlamada bu kluba qayıdışının onun çoxdankı arzusu olduğunu da demişdi. `Beşiktaş`ın bu transferdən xəbərsiz olması isə təəccüb doğurmaya bilmir.
