6 yanvar 2011 16:49
Sxadadze Poşkusu oğluna qurban verib?
Yəqin ki, son ölkə çempionu `İnter`in bu ayın 15-dən 23-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək “Birlik Kuboku” üçün açıqlanan heyətində komandanın əsas hücumçusu Robertas Poşkusu görməyib, təəccüblənənləriniz oldu. Azerisport.az xəbər verir ki, artıq “bankirlər”in baş məşqçisi Kaxaber Sxadadzenin litvalı hücumçunu heyətdən kənarda qoymasının səbəbi müəyyənləşib.
Rəsmi informasiyaya görə, Poşkus heyətdən ona görə kənarda qalıb ki, komandanın düşərgəsinə yanvarın 4-dən qoşulmalı olsa da, hələ də ölkəsindən qayıtmayıb. Litvalı hücumçu bunu ailəsindəki problemlərlə əlaqələndirib. O, komandanın düşərgəsinə yanvarın 8-də qoşulacağını bəyan edib.
Lakin deyəsən Sxadadze bu amildən özünəməxsus şəkildə yararlanıb. Hər halda o, Poşkusu komandanın sıralarından kənarda qoymaqla, ora öz oğlunu – Baçana Sxadadzenin adını daxil edib. Hansı ki, `Simurq`a icarəyə verilən bu futbolçu məlum qalmaqaldan sonra Zaqatala klubundan qovulmuşdu. Kluba yaxın mənbələrdən verilən məlumata görə, ata Sxadadze oğlu üçün karyera qurmağa çalışır ki, indi də bu baxımdan əlinə əla fürsət düşüb.
Digər tərəfdən, Azərbaycan çempionunun qrupundakı rəqiblərin də (Moldova `İskra-Stal`ı, Tacikistan `İstiqlol`u, Qırğızıstan `Neftçi`si) səviyyəsi elədi ki, onlara qol vurmaq baxımından hansısa ciddi problem olmamalıdı. Elə isə niyə bu işi oğul-Sxadadze etməsin. Digər tərəfdən Baçana Peterburq qazonunda özünü digər klubların skautlarına da göstərmək imkanı əldə edə biləcək.
Lakin təəssüf ki, peterburqlu azarkeşlər `Zenit`in keçmiş hücumçusu olan Poşkusun çıxışını izləyə bilməyəcəklər. Halbuki, komandasının `Gəncə` ilə son oyununda qələbə qolunu məhz bu forvard vurmuşdu...
