6 yanvar 2011 21:04
Allan Lalin: Rusiya və Türkiyədə oynamağım mümkündü
`Xəzər Lənkəran`ın transferə çıxardığı honduraslı hücumçusu Allan Lalin ölkəsindən olan jurnalistlərə Azərbaycandakı həyatından danışıb. Azerisport.az xəbər verir ki, yerli həmkarlarımıza açıqlamasında “ağ-yaşıllar”ın sabiq hücumçusu bir sıra maraqlı fikirlər söyləyib.
“İlk vaxtlar çox çətin idi ki, bu da komandaya uyğunlaşa bilməməyimlə bağlı idi. Heç cür qol vura bilmirdim. Halbuki bu, mənim üçün biabırçılıq idi. Azarkeşlər və mətbuat tərəfindən isə hansısa təzyiq hiss etmirdim. Ancaq bütün bunlara rəğmən komandamız qələbələri sıralayırdı”.
Bu ilin iyununa qədər `Xəzər Lənkəran`la müqaviləsinin qüvvədə olduğunu bildirən Lalin karyerasını elə qonşu ölkələrdə davam etdirmək istəyir: “Komandada qalmağımı istəyirəm. Lakin başqa ölkələrdə - Rusiya və Türkiyə çempionatlarında oynamağım da mümkündü”.
Ölkəmizdən danışarkən, cənubluların sabiq forvardı inkişafdan danışıb: “Onlar daim inkişaf etmək, irəli getmək istəyirlər. Elə tikinti işləri gedir ki, sanki Dubayı da arxada qoymaq fikrindədirlər”.
Ölkəmizdə bəyənmədiyi və xatırlamaq istəmədiyi məqam kimi isə Lalin azarkeş amilinə toxunub: “Qadınların stadiona getməsinə icazə vermirlər. Kişilər öz xanımlarını stadiona getməyə qoymur. Səbəb isə oradakı azarkeşlərin çox söyüş söyməsidi”.
