6 yanvar 2011 11:35
Firudin Qurbansoy: Futboldan böyük uğurlar gözləməyin
Tanınmış astroloq Firudin Qurbansoy azerisport.az-a müsahibəsində 2011-ci ildə Azərbaycan idmanı üçün proqnozlarını açıqlayıb.
- 2011-ci ildə idmanımızı nələr gözləyir?
- Dovşan ili çox şeydən xəbər verir. Azərbaycan idmanında çoxlu qələbə olacaq, il bizə xeyli uğur gətirəcək. Ancaq heç də ilk günlərdən yox. Uğurlar martdan sonraya təsadüf edəcək. Dovşanlar döyüşə bilməsələr də, müdafiə olunmağı bacara bilirlər.
- Hansı idman növlərində daha çox uğurlarımız olacaq?
- Əsas uğurları boks və yüngül atletikadan gözləməliyik. Xüsusilə həmin idmançılardan ki, Olimpiadaya yollanmağı daha çox istəyirlər. Dovşanlar qaçmağı çox xoşladığı üçün, yüngül atletikada uğurlarımız olacaq.
- Bəs cüdo və güləşdə necə?
- Bizim üçün il martdan sonra uğurlarla zəngin olacaq. Ancaq mən bu ilin 2010-cu ilin uğurlarından daha yaxşı olacağını görmürəm. Dovşan ili bizim üçün pələng ili qədər uğurlu ola bilməz.
- Şahmatda necə?
- Çoxlu uğurlu nəticələr olacaq. Qrossmeysterlər özünü göstərə bilər. Bunu xüsusilə qızlara aid etmək olar.
- Və əlbəttə ki, futbol...
- Futboldan böyük uğurlar gözləməyin. Klublarımız və yığmamız ola bilər ki, gözlənilməz qələbələr qazansın, ancaq elə də çox yox. Belə qələbələri mən voleybol və basketbolda da görürəm. Ancaq heç bir komandamızın final mərhələsinə gedəcəyini gözləməyə dəyməz.
- Azərbaycan idmanında istefalar olacaqmı?
- Siz baş məşqçilər baxımından soruşursunuzsa, mən konkret deyə bilmərəm. Bircə fakt deyim: Dovşan hamının üzünə gülə bilməz. Çoxlu yerdəyişmələr olacaq, bəzilərinin müqəddəratı həll olunacaq.
