7 yanvar 2011 11:14
“Mən məhz bu məqsədlə Foqtsun köməkçisi oldum”
Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 23-cü beynəlxalq turnirdə çıxış edən 19 yaşlılardan ibarət yığmamızın baş məşqçisi Vəli Qasımov Rusiya mətbuatının da diqqət mərkəzindədi. Azerisport.az xəbər verir ki, həmyerlimizi bu dəfə qazeta.ru-nun əməkdaşları sorğu-suala çəkib.
Əsas milli komandamızda Berti Foqtsun da köməkçisi olan Qasımov öncə turnir barədə fikirlərini dilə gətirib: “Bu turnir həmişə nüfuzlu yarış olması ilə diqqət çəkib. Mənim vaxtımda, xüsusilə, SSRİ-nin birinci və ikinci yığmaları arasında oyunlar gərgin keçirdi. Yaşca 1 il kiçik olanlar “qocalar”a güzəştə getmək istəmirdilər. Hazırda da turnirin təşkilatçılığı yüksək səviyyədədi. Azərbaycan yığması üçün də Qranatkinin turnirində iştirak əla məktəbdi. Ümumiyyətlə, yeniyetmə komanda üçün bütün parametrlərə uyğun turnir tapmaq asan deyil. Burada, Sankt-Peterbuqrda hər şey superdir”.
Daha sonra iki işdə çalışmasından danışan həmyerlimiz bu haqda belə açıqlama verib: “Yığmamızın baş məşqçisi Berti Foqts şəxsən özü məni ölkəmizə, birgə işləməyə dəvət etdi. Çünki köməkçisi olsa da, onunla Avropa mentalitetinə malik azərbaycanlı məşqçinin işləməsini istəyirdi. Məşqçi lisenziyasını hələ karyeramı bitirdiyim Portuqaliyada almışdım. Bu fəaliyyətimə isə `Sevilla`da 12 yaşlılarla başlamışam”.
Vəli Qasımov yetirmələrinin əsas milli komandanın taktiki sxemi ilə oynamağına çalışdığını da bildirib: “Fikrimcə, mən məhz bu məqsədlə Foqtsun köməkçisi oldum. Çalışırıq ki, yeniyetmələrdən ibarət komandalardan böyüklərə keçid minimal itkilərlə müşaiyət olunsun. Çünki bizdə istedadlı futbolçular elə də çox deyil ki, hansısa bir potensial yığma futbolçusunu itirək”.
