7 yanvar 2011 11:37
“Bizim məşqçilərə ümumiyyətlə şans, ya da sadəcə inam yoxdu”
Azərbaycan yığmasının keçmiş baş məşqçisi, Rusiyanın `Terek` klubunun sabiq çalışdırıcısı Şahin Diniyev azerisport.az saytına və “Zerkalo”ya müsahibəsində Ramiz Məmmədovun yeni işindən, yerli mütəxəssislərə inamın azlığından danışıb və bildirib ki, birinci divizionda heç vaxt işləməz.
- İl azərbaycanlı məşqçilər üçün inamlı başladı. Sizin həmkarınız Ramiz Məmmədov Qazaxıstanın `Atırau` klubuna baş məşqçi təyin olundu...
- Mən ona görə çox sevinirəm. Sizin vasitənizlə ona Qazaxıstanda uğurlar arzulayıram.
- Yeri gəlmişkən, Məmmədova qədər `Atırau` sizə də belə bir təkliflə müraciət etmişdi. Ancaq siz qəbul etməmişdiniz. Niyə?
- Hələ ötən ilin sentyabr ayında mənim agentimə bildirmişdilər ki, `Atırau` mənimlə maraqlanır. Ancaq bildiyiniz kimi, həmin dövrdə hələ `Terek`də çalışırdım. İşimi yarımçıq tərk edə bilmədiyim üçün də qəbul etmədim.
- Sizcə Qazaxıstanda işləmək nə qədər çətin olacaq?
- Legionerlər üçün həmişə çətindi. Hər bir mütəxəssis və ya futbolçuya kənar ölkədə həmişə fərqli münasibət olur. Azarkeşlər və rəhbərlik səndən ikiqat nəticə istəyir. Daha çox bu təzyiqlər azarkeşlər tərəfindən olur. Lakin sən məşqçisən və özünü ələ almağı bacarmalısan. Axı futbolda hər zaman qalib gəlmək də olmur.
- Ramiz Məmmədovun təcrübəsi onun `Atırau`da uğur qazanmasına imkan verirmi?
- Məmmədov özünü yaxşı və inamlı bir mütəxəssis kimi isbatlayıb. Ötən mövsüm o, `Qəbələ`ni altılığa daşımaqla göstərdi ki, daha çox şey bacara bilər. Düşünürəm ki, onun bu təcrübəi Qazaıstanda da köməyinə çatacaq. Başlıcası odur ki, Ramiz öz proqramını qurmağı bacarır.
- Sizin fikrinizcə, Azərbaycan və Qazaxıstan çempionatları arasında nə kimi fərqlər var?
- Azərbaycan çempionatının səviyyəsi daha yüksəkdi, nəinki onlarınkı. Əlbəttə, xüsusi diqqətçəkən fərq yoxdu. Ancaq düşünürəm ki, bizim klublar arasındakı rəqabət ordakından daha böyükdü. Ancaq bu, heç də o demək deyil ki, orda işləmək asan olacaq. Məsələ burasındadı ki, baş məşqçiyə komanda yaratmaq etibar olunubsa, deməli, o da bunu həyata keçirməlidi. Məni azərbaycanlı məşqçilərin kənarda çalışması çox sevindirir. Bu bir daha göstərir ki, biz hələ işləyə bilərik.
- Bəs sizcə, niyə Məmmədovdan başqa heç kim xarici klublarda işləmir?
- Bizim məşqçiləri tanıtdıran yoxdu. Bəzi mütəxəssislərimiz var ki, ən azı MDB məkanında işləyə bilər. Ad çəkməyəcəm, sadəcə bilirəm ki, özlərini yaxşı tərəfdən göstərə biləcək mütəxəssislərimiz var. Avropaya düşmək isə çox çətindi. Orda daha çox öz mütəxəssislərinə bel bağlamağa üstünlük verirlər. Çox ölkələrdə yerli kadrlara yol açırlar.
- Ancaq Azərbaycanda yox...
- Yeri gəlmişkən, hələ bir müddət bizim mütəxəssislər işsiz qalacaq. Bizdə ancaq əcnəbi mütəxəssislərə diqqət var. Maraqlıdı ki, əcnəbi nəticə qazana bilməyib gedəndə, yerinə yenə legioner gəlir. Belə çıxır ki, bizim məşqçilərə ümumiyyətlə şans, ya da sadəcə inam yoxdu.
- Əgər sizə hansısa birinci divizion klublarından təklif gəlsə, qəbul edərdiz?
- Razılaşmazdım. Bağışlayın, amma birinci divizionda işləmək mənlik deyil. Mən həmişə medallar uğrunda mübarizə aparan klublarda çalışmışam. Hesab edirəm ki, yenə də işləyə bilərəm. Sadəcə, birinci divizionu düşünmürəm.
