8 yanvar 2011 13:48
`Beşiktaş` ulduzlardan doydu, indi də qartal transfer edir (FOTO)
Qış transfer pəncərəsi dövründə həyata keçirdiyi şok transferlə özündən kifayət qədər söz etdirən Türkiyənin `Beşiktaş` klubu növbəti bombasını partlatmağa hazırlaşır. Azerisport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almeyda, Simao, Fernandes kimi portuqaliyalı ulduzları heyətinə qatan `Beşiktaş` bu dəfə futbolçu yox... qartal transfer edəcək.
Portuqaliyanın `Benfica` klubunun hər matçı öncəsi stadionunda uçurduğu `Viktoriya` adlı qartalın bənzərini `İnönü`yə gətirmək üçün hərəkətə keçən İstanbul klubunun rəhbərliyi artıq sifariş də verib. Lissabondan gələcək öyrədilmiş qartal `Beşiktaş`ın hər matçı öncəsi `İnönü` stadionunda havalanacaq. 2 dəqiqə stadion üzərində uça bilən həmin qartallar təkrar eyni nöqtəyə dönür və heç kimə zərər vermir. Simvolu qartal olan `Benfica` klubu da hər matç öncəsi `Viktoriya`sını beləcə havalandırır.
Sözügedən qartalların bəzi özəllikləri də müəyyənləşib. Məlum olub ki, qanadları və quyruqları geniş, iri yırtıcı olan bu quşlar uçuşda sərt dönərək yüksələ, enə bilmək bacarığına malikdirlər. Həmişə eyni yuvadan istifadə edərlər və onu dəyişdirməzlər. Qanad açıqlığı 1,5 metr olan bu qartalların orta hesabla 100 kq ağırlığında götürmə qaibiliyyətinə malik olduğu da iddia olunur.
