8 yanvar 2011 14:38
İsgəndər Cavadov: Vaqif çox şey itirdi
Azərbaycanın veteran futbolçusu İsgəndər Cavadov azerisport.az saytına müsahibəsində Araz Abdullayevin `Everton`a keçidi, həmçinin Vaqif Cavadovla İlqar Qurbanovun hazırkı durumuna münasibət bildirib.
- Öncə Araz Abdullayevin `Everton`a keçidinə münasibətinizi bilmək istərdik...
- Arazın İngiltərəyə gedişi bizi ancaq sevindirə bilər. O, elə bir ölkəyə gedir ki, əsl futbol ölkəsidi, orda hər azərbaycanlı düşə bilməyib. Ona uğurlar arzulayıram. Bu, onun karyerasında ən önəmli hadisədi. İndi ancaq onu gözləyə bilərik ki, o, orda necə oynayacaq.
- Sizcə, Araz `Everton`da möhkəmlənə biləcəkmi?
- Bu çox çətin sualdı. Hər şeyi zaman göstərəcək. Bir şeyi deyə bilərəm ki, ona çox çətin olacaq. İngiltərədə hər şey fərqlidi. Hətta futbolçu da orda fərqli düşüncə tərzinə sahib olur. `Everton`un əsas heyətini arzulamaq olar, amma bunu reallaşdırmaq bir qədər çətindi. Siz `Everton`un əsas heyətindən daha yaxşı xəbərdarsınız ki, orda necə futbolçular çıxış edir.
- Azərbaycanlı bu klubun sərgilədiyi oyun üslubunda çıxış edə bilərmi?
- Orda sərt futbola üstünlük verilir, bu dəqiqdi. Digər tərəfdən məşqçinin bütün taktiki və fiziki tələblərinə cavab vermək lazımdı. İndi bütün qalan suallara Arazın özü cavab verməlidi. Çalışmalıdı ki, öz üzərində işləyib, tam hazır olsun.
- Necə düşünürsünüz, o, karyerasını əvəzedici komandada davam etdirməyə razılaşmalıdı?
- Mən məsləhət görürəm ki, razılaşsın. `Everton`un əvəzedici komandasında çıxış etmək Azərbaycan çempionatından daha güclü liqada forma geymək deməkdi. Ordakı səviyyə tam başqadı. Digər tərəfdən əsas heyətə yol da məhz əvəzedicilərdən keçir. Bütün futbolçular məhz bu yolla özlərini sübut edirlər.
- Ola bilər ki, onda da alınmasın? Vaqif Cavadovda olduğu kimi...
- Vaqif Cavadovda tam fərqli oldu. O, zədələndi, bundan sonra məşqçilər korpusunun ona olan münasibəti dəyişdi. Məncə, Maklaren `Twente`də qalsaydı, Vaqif o komandada möhkəmlənəcəkdi. Sadəcə ona Azərbaycana qayıtmaq lazım deyildi, Hollandiyada qalmalıydı. Elə əvəzedici komandada çıxış etməsi də böyük üstünlük olacaqdı. Məgər elə bir komandanın əvəzedicilərində oynamaq pisdiki? Vaqif çox şey itirdi. Orda qalıb, təcrübə toplamaq lazım idi. Ondan sonra `Twente`nin əsas heyətinə düşməsi də asanlaşacaqdı.
- İlqar Qurbanov da hazırda klubsuz qalıb...
- Mən çox təəssüflənirəm ki, bu qədər məşqçi Qurbanovun potensialını aça bilmədi. İlqar yaxşı oyunçudu, ancaq onun bəxti uğursuzdu. Mən bütün bunları ona görə demirəm ki, qohumumdu. Hər kəs bilir ki, məşqçi futbolçuya oynamaq üçün şans verməlidi. Qurbanova şans vermədilər, o, necə özünü göstərə bilərdi ki? İndi ona mütləq özünə yeni klub tapmaq və məşq etmək lazımdı.
