9 yanvar 2011 20:39
Yığmamızın qatıldığı turnirin bütün qalibləri müəyyənləşdi
Bu gün Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 23-cü beynəlxalq turnirə yekun vurulub. Azerisport.az xəbər verir ki, Vəli Qasımovun rəhbərlik etdiyi 19 yaşlılardan ibarət yığmamızın da iştirak etdiyi turnirin bütün qalibləri müəyyənləşib.
Həlledici oyunda üz-üzə gələn Finlandiya və Çin yığmalarının duelində 2:0 hesablı qələbə qazanan finlər turnirin qalibi adını qazanıblar. Meydan sahibi Rusiya millisi isə Ukrayna ilə 3-cü yer uğrunda görüşdə 1:3 hesabıyla məğlub olub. 5-ci yer uğrunda Latviya və Belarus milliləri arasındakı dueldə isə əsas vaxt 1:1 başa çatdığından qalibi penaltilərlə müəyyənləşdirmək lazım gəlib. Belaruslular 4:3 hesabıyla qalib gəlib.
Xatırladaq ki, 7-ci yer uğrunda mübarizə aparmaq məcburiyyətində qalan Vəli Qasımovun yetirmələri də İtaliya millisi üzərində qələbə qazanmışdı. Əsas vaxtı heç-heçə (2:2) bitən görüşün taleyini penaltilər həll etmişdi ki, futbolçularımız bütün zərbələri dəqiq yerimə yetirməyi bacarmışdılar – 5:3.
