10 yanvar 2011 16:20
`Qarabağ`ın sabiq türkiyəli məşqşisi `Neftçi`də
`Neftçi` təlim-məşq toplanışı keçmək üçün artıq Türkiyənin Antalya şəhərinə yollanıb. Azerisport.az xəbər verir ki, təlim-məşq toplanışında flaqmanın fiziki hazırlıq üzrə təlimlərində türkiyəli mütəxəssis Mehmet Ak da `Neftçi`yə yardım edəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl `Galatasaray`ın düşərgəsində olan flaqmanın baş məşqçisi Arif Əsədov qardaş ölkədə Mehmet Akla görüşüb, fikir mübadiləsi aparıb. Türkiyəli məşqçinin işi `Neftçi` rəhbərliyini və məşqçilər korpusunu razı salsa, onunla işbirliyinin davam etdirilməsinə baxılacaq.
`Neftçi`nin hazırlıqlarına gəlincə, komanda artıq bu gün Bakı vaxtı ilə saat 13:00-da Antalyanın Kundu qəsəbəsində yerləşən `Titanik` otelində məskunlaşıb. Təlim-məşq toplanışının ilk günündə komanda otelin stadionunda ilk məşqinə çıxacaq. Yerli vaxtla saat 18:15-da start götürəcək hazırlıqda, futbolçular qızışdırıcı hərəkətlər, kross, koordinasiya və digər hərəkətlər üzərində çalışacaqlar.
