10 yanvar 2011 17:08
ŞOK! Starkov qaytarıldı, `Bakı` Şeferə qaldı
Yanvarın 8-də `Bakı` klubu ilə danışıqlar aparmağa gələn latviyalı mütəxəssis Aleksandr Starkov vətəninə qayıdıb. Azerisport.az xəbər verir ki, bu haqda lent.az-a klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib.
Onun sözlərinə görə, komandada baş məşqçi dəyişikliyi alınmayıb. Buna almaniyalı mütəxəssis Vinfrid Şeferin müqaviləsinin hələ davam etdiyini əsas gətirərək, `Bakı`nın sükanı arxasından ayrılmaq istəməməsi səbəb olub.
Məmmədov yanvarın 15-də Türkiyənin Antalya şəhərində start götürəcək təlim-məşq toplantısında komandaya Şeferin rəhbərlik edəcəyini açıqlayıb: “Biz nə Şeferlə qurtara bilmişik, nə də Starkovu baş məşqçi təyin etmişik. Gərək biri ilə yollarımızı ayıraq ki, o biri ilə anlaşaq. Əks halda, FİFA və UEFA-nın sanksiyaları ilə üzləşə bilərik. Ona görə də komandamızın yanvarın 15-dən Antalyada start götürəcək hazırlıq prosesinə Şefer rəhbərlik edəcək”.
Qeyd edək ki, Vinfrid Şefer 2010-cu ilin yayında `Bakı` ilə 2 illik müqavilə bağlayıb.
